"Gürcüstanda oktyabrda parlament seçkiləri keçiriləcək. Bu seçkilərə Gürcüstanın Qərb və Rusiya arasında seçim imkanı kimi baxılır. Gürcüstanda "Xarici agentlər" haqqında qanunun qəbulundan sonra, Qərblə mövcud hökumət arasında siyasi böhran dərinləşib".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası və hökumətin "boz kardinali" B. İvanaşvili Qərblə siyasi əlaqələrə yenidən baxır və daha çox Moskva ilə təmaslarda maraqlı görünür: "Gürcüstan hakimiyyətinə Qərb dövlətləri bir sıra sanksiyalar tətbiq edib. Bu sanksiyalara görə hakimiyyət narahat deyil.
Demək olar ki, hakimiyyət ölkədə QHT sektorunu neytrallaşdırır və müxalifəti də sıradan çıxarmağa çalışır. Hətta seçkilərdən sonra M. Saakaşvilinin lideri olan "Vahid Milli Hərəkatı" ləğv ediləcəyini elan edib. Baş nazir Kobaxidzə M. Saakaşvilini Almaniyanın nasist lideri A. H. ilə müqayisə etməkdən çəkinmədi".
M.Əsədullazadənin sözlərinə görə, seçkidən sonra vəziyyət daha da aydın olacaq: "Göründüyü kimi, hökumət Qərblə əməkdaşlıq edən bütün partiya və QHT sektorunu ya bağlayacaq ya da tam özünə tabe edəcək. Qərb gələn ay keçiriləcək seçkiləre ümid edir. Seçkiyə qısa bir vaxt qalmasına baxmayaraq Gürcüstanda ictimai-siyasi vəziyyət stabildir.
Gürcüstan hökuməti Rusiya ilə danışıqlara gedib, Abxaziya və Cənubi Osetiyada nəzarəti bərpa etməyi planlaşdırır. Artıq Rusiya hakimiyyəti Abxaziyaya sosial ödənişləri rəsmən dayandırıb. Bu seçki qabağı Gürcüstan xalqına indiki hakimiyyəti dəstəkləmək üçün atılan siyasi gedişdi. Seçkilərdə Gürcü Arzusu partiyasi yenidən seçkilərdə qələbə əldə edəcək. Bundan sonra Qərblə əlaqələrdə Azərbaycan modelinə üstünlük veriləcək. Çalışacaqlar Qərblə məsafəli davranılsın".
Politoloq hesab edir ki, Gürcüstan Qərb-Rusiya toqquşmaları üçün yeni platformaya çevrilə bilər: "Gürcüstan hökuməti Rusiya ilə əlaqələri bərpa edib, Abxaziya və Cənubi Osetiyanı birləşdirməyə çalışacaq. Rusiya da gürcü hökumətinə ciddi dəstək verir. Cənubi Qafqazda Qərblə Rusiya arasında toqquşma Gürcüstanda yeni mərhələyə keçir. Ermənistanda ulduzan Rusiya, Gürcüstanda təşəbbüsü ələ almağa çalışır.
Azərbaycan isə, regionda öz müstəqil siyasi gündəmi ilə uğurlu siyasət aparmaqdadır".
Məğrur,
Sitat.info