Qərbin korluğu, İrəvanla Moskvanın saxta düşmənçiliyi: Bu nə oyundur? VİDEO

12:37 7 Sentyabr 2024

Ermənistanın 2024-cü ilin ilk 7 ayında (yanvar-iyul) ticarət dövriyyəsi 20,4 mlrd. dollar təşkil edib. Bu Ermənistanın uğurudurmu? Xeyr, elə deyil, bu Qərbin "korluğunun", İrəvanın Moskva ilə yalançı, saxta “döyüşünün” nəticəsidir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki,  Ermənistanın 2024-cü ilin ilk 7 ayında ticarət dövriyyəsi, 2023-cü ilin eyni dövrünə görə 2 dəfə artıb - bu təbii artım ola bilməz: "Rusiya ilə ticarət dövriyyəsi 9 mlrd. 75 mln. dollar olub, və keçən ilin eyni dövrünə görə 2,4 DƏFƏ  artıb. Dava edən, küsən, ölkələrin ticarəti bu qədər arta bilməz. Sadəcə Qərb "kor olub",  Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə necə gözəl kömək etdiyi görmür, üzdə yalançı dava da Qərbi "kor" etmək üçündür". 

 

N.Cəfərli vurğuladı ki, guya bizimlə dost olan  Birləşmiş Ərəb Əmirliyinin  bu ilin ilk 7 ayında Ermənistanla ticarət dövriyyəsi 4 mlrd. dollar olub: "Bu 2023-cü ilin eyni dövrü ilə müqaisədə 7,3 DƏFƏ  artım deməkdir. Sxem çox sadədir - BƏƏ-də şirkətlər Rusiyaya silah istehsalında, dronda, raketdə lazım olan yarımkeçirici və mikrosxemləri ABŞ, Çin, Tayvan, AB ölkələrindən alır və formal olaraq Ermənistana satır. İrəvan da Kremlə hava-su kimi lazım olan o malları BƏƏ-dən alıb, Rusiyaya satır-ötürür. Qərb də qazanır, BƏƏ də, Ermənistan da, Rusiya da - uduzan Ukraynadır, bu ölkənin şəhər-kəndləri xaraba qalır, insanları ölür".

N.Cəfərli hesab edir ki, Rusiya-Ermənistan "davası" teatrdır, kinodur, şoudur: "Qərbin bir çox ölkələri isə ya doğrudan da kordur, qanmır, ya da özünü korluğa, qanmazlığa qoyublar". 

Ekspert vurğulayıb ki, Ermənistanın KTMT məsələsində duruşunu Qərb alqışlayır: "Amma KTMT var ki... Ukrayna Kurskda 1300 km2 Rusiya ərazisini işğal edib (düz edib), KTMT qaydalarına görə indi bütün üzv ölkələr Rusiyaya kömək üçün qoşun göndərməli idilər – amma veclərinə də deyil, çünki KTMT “ölü” orqandır. Ermənistanın “ölü” orqanda iştirak edib-etməməsi Rusiyanın vecinə də deyil, zatən Ermənistanda hərbi bazaları var, iqtisadiyyatın 70%-nə birbaşa nəzarət edir, Paşinyan və komandası da Kremlin əmrindədir. Amma Qərb KTMT məsələsini bayraq edib deyir ki, Ermənistan Qərbyönümlüdür, bizdə də bəzi təkhüceyrəlilər söyləyirlər ki, Putin Paşinyanı devirmək üçün Azərbaycana dəstək verir, daha anlamırlar ki, Moskva doğrudan da Paşinyanı devirmək istəsəydi, son 6 ildə 60 dəfə devirərdi. Niyə devirsin ki?! Gözəl şou qurublar, Ermənistan, güya, Qərbə gedir deyə, ona sanksiya qoymurlar, onlar da Kremlə həlledici dəstək verirlər, sanksiyalardan yan keçmək üçün böyük iş görürlər".

 İqtisadçının sözlərinə görə, Rusiya fürsət tapıb Qərbin pulunu da yeyir: "Bundan başqa Qərbdən Ermənistana qrant və kreditlər gəlir, onları da Rusiya şirkətləri mənimsəyirlər - məsələn, Ermənistan dəmir yollarının yenidən qurulmasına, təmirinə Qərbdən onmilyonlarla avro vəsait ayırıb, Ermənistan dəmir yolları kimə məxsusdur? Bəli, Rusiyaya. O vəsaiti təmirə xərcləyəndə kim qazanacaq?! Bəli, Rusiya Dəmir Yolları və onub törəmə şirkətləri.

Nə isə, dünyanı “palatka toyuna” döndəriblər, kim “çalır”, kim “oynayır” bilinmir, amma nəticəyə, işin kökünə gedəndə hər şey aydın olur. Qlobal və lokal elitalara “palatka toyu” sərf edir, səs-küy, qarışıqlıq - böyük manipulyasiyalar üçün əla ortam yaradıblar"  

Nərgiz Salmanova,

Sitat.info



Xəbər xətti