"Bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi var. Həmin nazir səfər etdiyi ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək və ya səfər etdiyi ölkənin hərbi texnikasına maraq göstərir. Ermənistanın müdafiə naziri Suren Papikyanın uzaq Cənubi Koreyaya səfəri hərbi əməkdaşlıqla əlaqəsi azdır, demək İrəvan bu ölkənin hərbi texnikasına maraq göstərir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir: "Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük müdafiə ixracatçısıdır. Cənubi Koreya tanklar, artileriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Cənubi Koreyanın müdafiə sənayesində 80 şirkət fəaliyyət göstərir və bu şirkətlərdə təxminən 45 min nəfər çalışır. Mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədir. Misal üçün Cənubi Koreya 2023-ci ildə Polşaya 13 milyard dollarlıq hərbi texnika tədarük edib".
E.Şahinoğlu bildirib ki, Ermənistan Cənubi Koreyadan Azərbaycana təhlükə yarada biləcək hərbi texnika almamış Bakı Seulla dialoqa keçməlidir: "Əslində Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmışdı. Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi. Ermənistan Azərbaycandan əvvəl Cənubi Koreyadan hərbi texnika alarsa, rəsmi Bakı gələcək bəyanatlarında bu ölkəni də tənqid etmək məcburiyyətində qalacaq. Bunun baş verməməsi üçün Cənubi Koreya ilə hərbi əməkdaşlıq məsələsində Ermənistanı qabaqlamaq lazımdır ".
Nərgiz,
Sitat.info