"Zəngəzur dəhlizi məsələsi artıq uzun müddətdir ki, müzakirə olunur. Bu, İran-Rusiya münasibətlərində də müəyyən fikir ayrılıqlarına səbəb olub. Əslində Zəngəzur dəhlizinin açılması ilə bağlı regional siyasi iradə indi daha çoxdur. Bir vaxtlar Moskva buna qarşı idisə, hazırda buna maraqlıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, indi dəhliz məsələsində İranın mövqeyini yumşaltmaq lazımdır:
"İranın mövqeyi yumşalarsa, bu Ermənistana psixoloji təzyiq olacaq. İranın dəhlizin açılmasına qarşı çıxmasına səbəb Tehranın regional kommunikasiyaları öz ərazisindən keçirməyə çalışmasıdır. Rusiya-İran münasibətlərində ziddiyyətlər müşahidə olunur. Zəngəzur dəhlizi məsələsi iki dövləti qarşı-qarşıya qoyub. İran mövqeyini dəyişməsə, bu ziddiyyət daha da artacaq. Ziddiyyətin artması Rusiyaya sərf etmir. Çünki Rusiya İrandan silah alır. Təbii ki, bu İrana da sərf etmir, çünki qərbin təzyiqlərinə qarşı birgə mübarizə aparırlar".
Siyasi şərhçi bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin diplomatik yollarla açılmasında maraqlıdır:
"Bunun üçün bütün diplomatik imkanlardan istifadə edilir. Əgər diplomatik yollar nəticə verməsə, hərbi güc tətbiq olunacaq. Hərbi gücün tətbiq olunması üçün Ermənistanın ardı-arası kəsilməyən təxribatları, üçtərəfli bəyanatın öhdəliklərindən boyun qaçırması kimi kifayət qədər səbəblərimiz də var. Bu isə çox güman ki, Cop29-dan sonrakı dövrə təsadüf edəcək. Əgər hərbi güc tətbiq olunarsa, şübhəsiz ki, Rusiya, İran və Türkiyə tərəfi ilə müəyyən məsləhətləşmələr aparılacaq. Belə olarsa, Ermənistan bu məsələlərin altından çıxa bilməyəcək".
Seymur,
Sitat.info