Azərbaycanda günəş enerjisi istehsalı artır: Deputat yeni təkliflər irəli sürdü...

10:57 17 Sentyabr 2024

"Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kVt.sta çatıb. Bütövlükdə isə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt·st) nisbətən 1 240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib.

Qarabağ və Şərqi Zəngəzurda yaşıl zona formalaşdıran və eləcə də COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhvəsidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

O bildirib ki, əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar: "Bu ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir".

Deputat qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir: "Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar".

Nigar,

Sitat.info



Xəbər xətti