ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, İrandan onun həyatı üçün böyük təhlükələr gözlənilir. Trampın kampaniya qrupu həmçinin elan edib ki, Amerika kəşfiyyatı onlara İranın Trampa qarşı sui-qəsd təhdidi barədə məlumat verib.
Sitat.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan onun həyatı üçün təhlükələrin olduğunu deyib:
"Peşəkar şəkildə araşdırırlar. Görünür, bunu İran edib. Bilirsiniz, İran mənim dostum deyil”.
Sosial media platformasında verdiyi açıqlamada, Tramp bu sözləri əlavə edib: "İrandan həyatıma qarşı təhdidlər var. Bütün Amerika hərbçiləri izləyir və gözləyirlər. İran tərəfindən əvvəllər də çox şey edilib, amma nəticə vermədi. Amma yenə cəhd edəcəklər. Bu, heç kim üçün yaxşı deyil. Daha çox şey var. Ətrafımda daha güclü təhlükəsizlik tədbirləri və silahlar var . Bu, daha əvvəl heç vaxt görmədiyim bir təhlükəsizlik tədbiridir. Bu ona görədir ki, mən İrana qarşı güclüyəm və Yaxın Şərqdəki insanları qoruyuram. Bəlkə də bu durumdan o qədər də razı deyillər".
Donald Tramp qısa müddət ərzində iki sui-qəsd cəhdi ilə üzləşdikdən sonra, Məxfi Xidmətə daha çox pul ayırmaq qərarına gəldiyi üçün ABŞ Konqresinə təşəkkür edib. Digər tərəfdən, Trampın kampaniya komandası da məsələ ilə bağlı açıqlama verib. Onlar elan ediblər ki, Amerika kəşfiyyatı onları İrandan gələn təhdidlər barədə xəbərdar edib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti və hazırki namizəd Donald Tramp ilk dəfə iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə sui-qəsd cəhdinə məruz qalıb və o, qulağından aldığı yara ilə bu hadisədən sağ çıxıb.
Sentyabrın 15-də Floridada tez-tez baş çəkdiyi qolf klubunda silah səsləri eşidilib və Tramp sürətlə ərazidən uzaqlaşdırılıb. Sonradan məlum olub ki, həbs edilən silahlı şəxs Trampa sui-qəsd planlaşdırırmış.
Nərgiz,
Sitat.info