Azərbaycan Vaşinqton və Tehran arasında danışıqlara ev sahibliyi edə bilər..

16:30 11 Aprel 2025

"Azərbaycan ABŞ-la qarşıdurmada olan Rusiya və İranla qonşudur. Yaxın Şərqdə yeni siyasət ortaya qoyan Türkiyə ilə də müttəfiqdir. Azərbaycan tərəflər arasında vasitəçilik missiyasını yerinə yetirə bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Azərbaycan Türkiyə və İsrail arasında da vasitəçilik edərək tərəfləri bir araya gətirib: "Birinci dəfə vasitəçilik missiyası müsbət nəticələnmişdi. Hazırkı danışıqların müsbət dinamikada davam etməsi, növbəti mərhələdə iki ölkə arasında normal münasibətlərə gətirib çıxara bilər. Azərbaycan iki strateji tərəfdaşını Suriya məsələsində ortaq məxrəcə gətirməyə çalışır.

Azərbaycanın hər iki ölkəni bir araya gətirməsi Vaşinqtonda yaxından izlənilir. Məhz ABŞ prezidenti D. Tramp prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanın İsraillə əlaqələrinə önəm verdiyini qeyd edir. Demək olar ki, Ağ Ev Azərbaycanın barışdırıcı missiyasını yüksək qiymətləndirib".

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan İran və ABŞ arasında danışıqlar platforması kimi Bakını təklif edə bilər: "Oman iki dövlət arasında vasitəçi ola bilirsə, Azərbaycan hər iki tərəflə normal siyasi əlaqələrə malik olaraq vasitəçiliyi mümkündür. Yaxın günlərdə İran prezidenti M. Pezeşkianın Azərbaycana səfəri gözlənilir. Rəsmi Bakı bele bir vasitəçiliyi Tehranın diqqətinə çatdırmalıdır. Azərbaycan qonşuluğunda, xüsusilə 40 milyon azərbaycanlıların yaşadığı ərazilərdə müharibənin başlanmasını istəmir. D. Tramp prezident İlham Əliyevə göndərdiyi məktubda işləməyi səbrsizliklə gözlədiyini vurğulayıb. Rəsmi Bakı Vaşinqton və Tehranla danışıqlara ev sahibliyi etməsini ABŞ-a bildirə bilər".

Politoloq qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dəstək verməsi mümkündür: "Azərbaycan bununla bağlı D. Tramp administrasiyasının siyasətinə etiraz etməməsi iki tərəfli əlaqələri inkişafına gətirib çıxarar".

Tehran,

Sitat.info



Xəbər xətti