"Son 5 il ərzində Mərkəzi Bankın dəstəyi ilə banklar tez-tez lovğalanaraq gileylənir ki, pulumuz (likvid vəsaitimiz) çoxdur, amma hara yerləşdirməyi bilmirik, yəni kimə kredit verəcəyimizi bilmirik. Əslində, bu, riyakarlıqdır. Onlar gözəl bilir ki, hesablarda olan əksər vəsaitlər fərdi sahibkarlara və hüquqi şəxslərə mənsubdur və həmin vəsaitlər banklarda qanunsuz olaraq zorla saxlanılır".
Bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov "Sitat.info"ya açıqlamasında deyib. O bildirib ki, 2017-ci ildən etibarən dövriyyəsindən (200.000 manata qədər və ondan yuxarı) asılı olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə ay ərzində müvafiq olaraq 15.000 və 30.000 manatdan çox vəsaiti nağdlaşdırmağa imkan vermirlər:
"Əsas kimi 2017-ci ildən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” Qanuna istinad edilir. Halbuki, əslində sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən fərdi sahibkarlar və hüquqi şəxslər sadəcə ay ərzində həmin limitdən artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirilməlidir. Nağdsız hesablaşmanın da nə demək olduğu həmin Qanunun 3.1-ci maddəsində təsbit edilib: Söhbət digər şəxsə vəsaitin verilməsindən gedir. Əsas odur ki, ay ərzində başqalarına nağd qaydada sözügedən limit çərçivəsində ödəniş etsin. Amma hər kəs öz hesabından istədiyi qədər vəsaiti çıxarıb kassasında saxlaya bilər. Bu da ədalətlidir, çünki etimadı zorla qazanmaq olmaz. Banklar müflisləşəndə ilk növbədə sahibkarlıq subyektlərinin vəsaiti batır və dövlət onlara təminat vermir".
İqtisadçı vurğuladı ki, qanunu tamamilə yanlış tətbiq edərək banklar süni şəkildə yüksək likvidliklərini təmin edir: "Kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli şirkər “ağardığı” üçün də bankların depozit bazası bir qədər də artıb. Amma həmin vəsaitləri kredit verməyə də qorxurlar. Çünki bilirlər ki, vəsaitlərin əksər hissəsi onlarda xoşluqla deyil, məcburən saxlanılır".
SİTAT.İNFO