ABŞ-ın Rusiyaya ölümcül zərbəsi: Niyə indi?..

14:39 8 İyun 2023

Yəqin dəfələrlə ABŞ-ın ünvanına "2008-də, 2014-də cavab versəydiniz, bugünkü durum yaranmazdı" ittihamını eşitmisiniz. ABŞ-ın cavabı mümkün idimi? Daxili siyasi durum buna imkan verirdimi? Bu suallara cavabları tapmağa çalışaq.

Uzaqdan başlayaq

Son 2 ildə (Bayden prezident olandan sonra) baş verən prosesləri yadınıza salın. Trampın dövründə Ağ Evin və ABŞ dövlətinin bünövrəsini təşkil edən təşkilatların daxilində və aralarında çox gərgin qarşıdurmalar yaşanırdı: FTB, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və başqaları. Tramp öz adamlarını bu qurumlara yerləşdirərək onların daxilində də ciddi problemlər yaradırdı, bu qurumlara nəzarət etmək istəyirdi, ABŞ reallıqlarında isə siyasi hakimiyyətin dövlətin bünövrəsini müdaxiləsi qəbuledilməz sayılır. Daxili idarəçilik böhranı pik nöqtədəydi. Demokratlar Partiyasının praymrizində (partiyanın daxilində namizədin seçilməsi) Bayden qələbə qazananda ABŞ-da siyasi hakimiyyətin və güc strukturların arasında münaqişələrin son qoyulmasına ümid yarandı. Və bu baş verdi, 3 noyabr 2020-ci ildə Bayden seçkilərdə qələbə qazandı, ardınca demokratlar 2 (Konqresin hər 2 palatasında: Senat və Nümayəndələr Palatasında) möhtəşəm qələbə ilə bütün hakimiyyəti öz əllərində cəmləşdirdilər.

Daxili qarşıdurmaları görmək üçün bir misal gətirmək olar. Trampın dövründə - 2017-2020-ci illərdə Pentaqona kimlər rəhbərlik edirdi? Ceyms Mettis, Patrik Şanahan, Mark Esper, Riçard Von Spenser, Kristofer Miller. Baydenin dövründə Pentaqona kim rəhbərlik edir? Lloyd Ostin.

Bayden prezident olandan sonra FTB-də, MKİ-də və Pentaqonda təmizlik işləri başladı, Bayden həmin qurumları Ağ Evin (oxu Trampın) agenturasından təmizlədi və idarəçiliyi qurumların özlərinə qaytardı. SABİTLİYİ bərqərar etdi. Bu cox vacib addım idi. Ona görə ki, ABŞ dövlətinin bünövrəsini təşkil edən qurumlar "Prezidentlər gəlirlər və gedirlər, biz isə hər zaman yaşayacağıq" prinsipilə fəaliyyət göstərirlər. Onların işinə qarışmaq olmaz, həmin qurumlarda 30-40 il ərzində eyni vəzidəfə çalışan və "daimi müavinlər" adlandırılan insanlar ABŞ-ın "dərin dövləti" hesab olunur. Bu qurumların işlərinə müdaxilə cəhdi “qırmızı xətdir”, Tramp bu xətti keçdi və Trampın bugünkü aqibəti hər kəsin gözü qarşısındadır.

Prezident olandan sonra Bayden “Amerika qayıdır” dedi və Amerika həqiqətən qayıtmağa başladı. Bayden bütün hakimiyyəti (Ağ Ev+Senat+Nümayəndələr Palatası) əlində cəmləşdirəndən, siyasi hakimiyyətin güc strukturlarla münaqişələrinə son qoyandan sonra, Qərb birliyini bərpa etməyə başladı: NATO sammitləri, Demokratiya sammiti, AUKUS (ABŞ, Böyük Britaniya, Avstraliya) blokunun yaradılması, müttəfiqlərlə mütəmadi ikitərəfli kontaktlar, fikir ayrılıqları yaradan məsələlərdə kompromislərin axtarışı və s.

Qərb birliyin bərpası bir neçə önəmli prosesin fonunda baş verirdi: Rusiyaya qarşı davamlı sanksiyaların tətbiqi, Avropada və bütün dünyada rusların hərbi və siyasi agenturasına qarşı de-fakto ovun aparılması, Kremlə loyal olan siyasi qüvvələrin zəiflədilməsi (və əgər onlar hakimiyyətdə idilərsə, onların hakimiyyətdən uzaqlaşdırılması üçün bütün alətlədən istifadəsi).

Proseslər böyük miqyasda gedirdi və bu proseslərə start vermək üçün Bayden nələr etdi? Əgər misal üçün demokratların 2021-ci ildə Nümayəndələr Palatasında çoxluğu olmasaydı, Bayden bu günə qədər elədiklərinin 20%-ni də edə bilməyəcəkdi (Nümayəndələr Palatası ABŞ-ın pulqabısıdır, əgər pul yoxdursa, prezidentin dedikləri elə söz olaraq qalacaq, Ukraynaya dəstək isə ancaq boş sözlərdən ibarət olacaqdı). Yəni böyük mozaikanın hər bir fraqmenti həlledici rol oynadı və Baydenin ən böyük uğuru bu mozaikanı elə əvvəldən yığması oldu, 2021-də əlində "kart-blanşla" oyuna başladı.

Bu dərəcədə mürəkkəb proseslərə start vermək çox çətindir, dayandırmaq isə artıq mümkün deyil, bu baxımdan "Rusiyanı bitirəcəklər" deyərkən, kiminsə şəxsi istəyi nəzərdə tutulmur, fantastik miqyasda gedən geosiyasi prosesin məntiqli və qaçılmaz sonunu görürük.

2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə edəndə Corc Buş adekvat cavab vermək iqtidarında idimi? ABŞ-da həmin ildə gedən daxili prosesləri qısa olaraq təsvir edək.

2008-ci ildə Buş, yumşaq desək, Gürcüstan hayında deyildi. ABŞ-da böyük banklar iflas olurdu, insanlar işlərini və mənzillərini itirirdi, bunlarla yanaşı, seçki kampaniyası çərçivəsində daxili qarşıdurmada gərginlik sürətlə artırdı, Konqresin hər 2 palatası müxalifətin (demokratlar) nəzarətində idi. Senator Con Makkeyn böhranla mübarizə aparmaq üçün seçki kampaniyasını müvəqqəti olaraq dayandırmışdı. Amerikalılar başa düşməyəcəkdilər ki, Böyük Depressiyadan bəri ən dərin böhran zamanı Konqres niyə Gürcüstana pul xərcləyir.

Bundan əlavə İraqdan sonra xalq "müharibə" sözünü eşitmək istəmirdi və bu sözü işlədən istənilən siyasətçi siyasi intihar etmiş olacaqdı. Əhali arasında Rusiyaya loyal yanaşan insanlar həddindən artıq çox idi. Avropa Buşun İraqa hərbi müdaxiləsinin əleyhinə idi, o illərdə Rusiya ilə isti və Buşa mənfi münasibətini nəzərə alaraq demək olar ki, Avropa ABŞ-ın Gürcüstana dəstək məqsədilə hərbi müdaxiləsinin əleyhinə olacaqdı.

Bəs 2014-cü ildə Obama Rusiya tərəfindən Krımın işğalına adekvat cavab vermək iqtidarında idimi?

2014-cü ildə Obamanın Konqreslə (2008-dən 2012-də qədər Konqresin hər 2 palatası demokratların nəzarətində idi, 2012-də Nümayəndələr Palatası reapublikaçıların nəzarətinə keçdi) münasibətləri "müharibə" səviyyəsində idi. Obamanın qanunvericilik sahəsində uğurlarının əksəriyyəti 2009-cu ilə təsadüf edir, Konqresin hər 2 palatası hələ demokratların nəzarətindəydi, bu uğurlar amerikalıların İraqda bitib-tükənməyən müharibəsindən bezdikləri fonunda əldə edilib. 2013-cü ilin payızında respublikaçılar Obamadan birinci müddətinin əvvəlində Konqresdən keçirtdiyi səhiyyə islahatını ləğv etməyi tələb edərək federal hökumətə maliyyəni dayandırdılar. Ağ Evdə hələ Trampın izi-tozu yox idi, amma respublikaçılar əhali tərəfindən dəstəklənməyən ideoloji məqsədlərinə çatmaq üçün artıq bütün ölkəni girov götürməyə hazır idilər.

2014-də Rusiyanın Krımın işğalına cavab olaraq Obama Konqresin dəstəyi olmadan nə edə bilərdi? Heç bir şey! Dəniz piyadalarını göndərə bilərdi? Konqressiz olmaz, həm də xalq dəstəkləməz (yuxarıda qeyd etdiyim kimi, insanlarda müharibələrdən yorğunluq var idi). Fövqəladə vəziyyət elan edib və “Presidential Drawdown Authority” çərçivəsində Ukraynaya silah göndərmək? Siyasi baxımdan bu mümkün deyildi.

Demokratlar hansı yolu seçdilər? Rusiyaya sarsıdıcı zərbə üçün sakitcə hazırlaşmaq və uyğun olan məqamı gözləmək. Bu məqamı 2022-ci ilə qədər gözlədilər və başladılar./Axar.az



Xəbər xətti