Sülh prosesi müsbət məcraya daxil olub: İrəvandan mina xəritələrini də ala bilərikmi?

13:50 24 Aprel 2024

 Azərbaycanla Ermənistan münaqişənin həlli prosesini sürətləndirib, hətta sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağı deyilir. Bir tərəfdən ilk sərhəd dirəklərinin basdırılması, digər tərəfdən Qazaxın 4 kəndinin qaytarılması proseslərin müsbət məcraya daxil olduğundan xəbər verir. Bəs, bu ərəfədə Ermənistandan mina xəritələrini ala bilərikmi? Bunun işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsində və böyük qayıdış prosesinin sürətlənməsində nə dərəcədə əhəmiyyətli olduğunun şərhə ehtiyacı yoxdur. Ancaq narahatedici bir məqam da mina xəritələrinin reallığı əks etdirib-etdirməməsidir. Ümumiyyətlə tam reallığı əks etdirən xəritələr varmı ?

Sitat.info-nun suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev də qeyd etdi ki, sərhədlərin delimitasiya prosesindəki fəaliyyətlər Ermənistanın mina xəritələrini verməsinə dair ümidləri artırır. 

Ekspertin sözlərinə görə,  son illərdə minalarda GPS sistemi mövcud olduğundan, ən azı yeni basdırılmış minaların real xəritələri movcuddur və Ermənistandan bunu almağa çalışmalıyıq:

"Ermənistan 4 ilə yaxındır ki, minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməyib. Delimitasiya prosesini kənara qoysaq, indiyə qədər olan prosesdə  Ermənistanın davranışları bizə dəqiq xəritələrin veriləcəyinə dair heç bir müsbət  mesaj ötürmürdü. Biz Ermənistanda bu xəritələrin mövcud olduğuna inanıdır. Ən azından son illərdə düzülən minaların 100 faiz dəqiq xəritələri Ermənistanda möcvuddur. GPS sistemləri yaradıldıqdan sonra minaların düzülməsi həmin GPS vasitəsilə həyata keçirilib və  xəritələrdə  minaların yeri dəqiq göstərilib".

Ədalət Verdiyev qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistanın Azərbaycana bu  xəritələri verəcəyini yüz faiz əminliklə ifadə etmək üçün əlimizdə heç bir ciddi əsaslar mövcud deyil.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri aparılır.

Türkan,

Sitat.info



Xəbər xətti