"Sülh müqaviləsinin imzalanması istiqamətində atıla biləcək ən mühüm addımlardan biri, məhz delimitasiya və demarkasiya məsələləri idi. Bu da Qazaxın 4 kəndinin qaytarılması ilə baş verdi. Artıq sərhəddin haradan keçməsi məsələsi ayırd edilir və müvafiq protokollar imzalanacaq. Eyni zamanda ratifikasiya məsələsi də gündəmdədir və Parlament bunu qanuniləşdirəcək. Bu proses gələcəkdə də davam etdiriləcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, delimitasiya və demarkasiya məsələsi ən mühüm addımlardandır:
"Baxmayaraq ki, Ermənistan tərəfində müxtəlif təxribatçılar yolu bağlamaq və s. kimi işlərlə məşğuldurlar. Bu da minaların təmizlənməsinə mane olur. Çünki sərhəd qoşunları oraya gəldikdə artıq ərazi minalardan təmizlənmiş olmalıdır. Bu istiqamətdə də addımlar atılır. İlk sərhəd dirəkləri artıq vurulub. Daxildə olan bir sıra müxalif qüvvələrin atdığı addımlar isə Ermənistanın öz daxili məsələsidir".
Deputat qeyd edib ki, sülh müqaviləsinin nə zaman imzalanacağı bir sıra şərtlərdən asılıdır:
"Burada həm delimitasiya və demarkasiya, həm də anklav və esklavlarla bağlı danışıqlar prosesi olacaq. Komissiyaların görüşündən sonra əvvəlcə, XİN səviyyəsində, daha sonra da dövlət başçıları səviyyəsində fikirlərini bildirib bu addımları atmalıdırlar. Siyasi addımlar sürətlə atılır, sülhməramlı qüvvələrin Azərbaycandan çıxarılması və s. məsələlər göstərir ki, sülh müqaviləsinin imzalanması yolunda ciddi addımlar atılır. Bizim üçün kommunikasiyaların açılması, Zəngəzur dəhlizi ilə bağlı müvafiq qərarların qəbulu da olduqca mühüm məsələlərdəndir. Sürətlə bu addımların atılması ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər. Burada Qərbin öz maraqları, Rusiyanın öz maraqları, region ölkələrinində öz maraqları var, o cümlədən supergüclərin öz maraqları var. Ancaq əsas odur ki, Azərbaycanın dönməz və müstəqil xarici siyasəti var və bu istiqamətdə addımlar atılır".
Kənan Yusif
Sitat.info