Əlamətdar tarixdə iki türk liderin Qarabağ səfəri! İrəvana verilən kritik mesaj...

12:15 24 Aprel 2024

Prezident Sadır Japarov Azərbaycanda səfərdədir. Türkdilli dövlətin rəhbəri  Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanıb, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib. Japarovun Ağdama səfəri də gözlənilir. 

Qeyd edək ki, bu artıq Türkdilli dövlətlərdən 4-cü ölkə başçısıdır ki, Qarabağa səfər edir. Daha öncə  Türkiyə, Özbəkistan, Qazaxıstan prezidentlərinin də səfəri baş tutmuşdu. 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Tural İsmayılov vurğuladı ki, ölkəmiz hazırda siyasi güc olaraq mövqelərini möhkəmləndirib: "Bu gün dövlətimiz beynəlxalq siyasətin əsas oyunçusudur. Azərbaycan dünyada baş verən proseslərdə əsas nizamlayıcı qüvvələrdən biridir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasi kurs və ölkədə davamlı xarakter alan islahatlar nəticəsində Azərbaycan adı hadisələrə yön verən əsas faktordur. 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra isə Azərbaycan təkcə Avrasiya məkanı üçün deyil,  bütün materiklər üçün tədqiq edilən areala çevrilib. Hazırkı dünya düzənində Azərbaycanın birmənalı yeri mövcuddur".

 

T. İsmayılov vurğuladı ki, Azərbaycan qalib ölkə kimi bu gün Türk dünyasını birləşdirən lokomotiv güc nöqtəsidir: "Türk dünyası uzun illər qlobal imperializmin qorxduğu bir istinad nöqtəsi hesab edilib. Əsrlər boyu bu böyük qüvvəni sabotaj etmək istəyən dünya Türk birliyini əsassız formada təhdid kimi görübdür. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Türk coğrafiyasında vacib nöqtlərdən birini də Qırğızıstan təşkil edir. 
Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.  2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Dəfələrlə Azərbaycan və Qırğızıstan rəhbərlərinin qarşılıqlı səfərləri olub. KTMT üzvü olan və olmayan Türk dövlət rəhbərlərinin Qarabağa səfərləri Türk dünyasının Azərbaycana dəstəyinin bariz nümunəsidir. Geosiyasi anlamda da mesaj verilir ki, Azərbaycanın maraqları tapdalanan bir formatda heç vaxt Ermənistanla səmimi ola bilməzlər".

Seymur,

Sitat.info



Xəbər xətti