"Rusiya-Ukrayna müharibəsində vəziyyət Rusiyanın üstünlüyü ilə davam edir. Ukraynanın ötən il başladığı əks hücum uğursuzluqla nəticələndi. Rusiyanın tam istədiyi kimi üstünlük olmasa da, hazırda bütün cəbhəboyu irəliləmiş vəziyyətdədirlər".
Bu sözləri Sitat.info-ya müsahibəsində siyasi şərhçi Əhəd Məmmədli deyib.
Şərhçinin sözlərinə görə, Rusiyanın Ukraynaya hücum planı onun qələbəsi ilə tamamlana bilər:
"Rusiya 20 -25 min hərbi kontingentlə Ukraynanın Çasov Yar və Odessa şəhərlərinə hücuma hazırlaşır. Mayın 9-a qədər oranı ələ keçirərək qələbə kimi elan edə bilərlər".
Əhəd Məmmədli qeyd edib ki, ABŞ-nin yardımının Ukraynaya çatması vaxt tələb edəcək:
"ABŞ Ukraynaya 60 milyardlıq yardım paketini nəhayət ki, təsdiqlədi. Məlum məsələdir ki, yardım böyük miqyaslıdır, bu hissə-hissə göndəriləcək. Bütün bunları nəzərə alaraq Ukrayna üçün yaxın gələcəkdə yaxşı şeylərin vəd olunacağını düşünmək olmaz".
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.
Türkan,
Sitat.info