Qədim tarix, zəngin mədəniyyət və göz oxşayan təbiət: Diyarbəkirin gözməli-görməli yerləri (FİLM)

18:22 1 May 2024

Səfərimiz Diyarbəkirədir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə ölkənin ən qədim, tarixi, mədəniyyəti ilə zəngin, təbiəti ilə göz oxşayan, ancaq turizm baxımından hələ də layiqli yerini tuta bilməmiş, kəşf olunmağa ehtiyacı olan bu bölgəsinə səyahət edəcəyik. Zəngəzur dəhlizi açılsa Diyarbəkirə getmək daha asan olar, ancaq hələ ki, bu baş verməyib, Bakıdan İstanbul Hava limanına, oradan Diyarbəkirə uçduq.

Bu şəhər məni hələ təyyarədən enməmiş valeh etdi. Diyarbəkirin şəhər hissəsi o qədər nizamlı, tikinti -şəhərsalma qaydalarına riayət edilərək tikilib ki, real olmayacaq qədər gözəldir. Bir hissəsi kəndlər və ətrafında böyük əkin sahələri, bir hissəsi qədim tarixi bölgə, "Sur içi" deyilən ərazi, bir hissəsi də 3 milyondan çox insanın yaşadığı təp-təzə şəhər.

Türkiyə hökumətinin son illərdə başlatdığı “kentsel dönüşüm” layihəsi çərçivəsində yeni şəhər inşa olunub. Məqsəd bölgələrin əhalisinin şəhər yaşam tərzinə tələbini qarşılamaq və mərkəzə axının, urbanizasiya probleminin qarşısını almaq üçün bu şəraiti onlara yaşadıqları diyarda yaratmaq olub və çox da uğurla icra  olunub ki, gördüyünüz mənzərə də bunu təsdiqləyir. Müasir tikililər, bizim Yasamal və Hövsandakı sosial binaları xatırladan, lakin ondan daha mükəmməl yaşayış komleksləri göz oxşamaqda, təmizlikdə, səliqədə sanki-bir biri ilə yarışmaqdadır.

Ticarət və əyləncə mərkəzləri, otelləri, hər növ ictimai iaşə obyektləri, saysız-hesabsız soyadları əks etdirən kiçik sahibkarlıq firmaları... Türk insanı təkcə istehlakçı deyil, hər biri öz sahəsində ya istehsalçıdır, ya da xidmət sektorunda bir sahədə müstəqil fəaliyyətini qurub.

Yolumuz Egilədir... Diyarbəkirin ən qədim bölgəsi , göz bəbəyi, peyğəmbərlər diyarı Egil... Egilin özəlliyi uzaqdan insanı cəlb edir. Kiçik şəhərin divarları başdan- başa ağ rəngə boyanıb. Ağ divarlar isə yaz çiçəkləri ilə bəzədilib və çox gözəl bir görüntü verir. Egel kaymakamı Volkan Hülürlə səhər yeməyi süfrəsində tanış olduq. Kaymakam seçki yolu ilə seçilmiş bir rayon rəhbəri olsa da, qarşımızdakı insanda bir məmur ədası yoxdur. Yaşadıqları ilçeni tanımaq, daha çox turist cəlb etmək üçün elə ürəkdən çalışırlar ki, kimin  hansı vəzifədə olduğunu seçmək olmur. Səhər yeməyinin ardından Egilin məşhur Baraka gölündə qayıq gəzintisinə çıxırıq. Egil qayalıqlarına gözəllik qatan bu göl sünidir, Diyarbəkiri iki yerə bölən məşhur Dəclə çayının qarşısında bənd tikilməsi ilə əmələ gəlib. O zaman Egilin ən qədim hissəsi suların altında qalıb və  bu sular altında qədim bir şəhər yatır.

Yay aylarında burada turistlərə suyun altında dalmaq üçün də imkanlar yaradılır və onlar sular altında qədim bir şəhəri seyr edirlər. Biz isə buradan Egil qalasını və qədim kral məzarlıqlarını seyr edirik.

Eramızın əvvəllərindən qalan, Assuriya krallarına məxsus olduğu deyilən qaya məzarları Dəclə bəndinin sahilində yerləşir. Təbii mağaralara bənzəsə də, insan əli Misir ehramları şəklində oyulub.   Assur Kralı qaya məzarlarının şərq hissəsində yeraltı  tunel də var. Eğil kaymakamlığı və Bələdiyyəsi Assuriya dövründə inşa edilən Eğil qalası və Kral məzarlarını  dünyaya tanıtmaq üçün hərəkətə keçib. İşlər çərçivəsində üç tərəfdən dərin dərələrlə əhatə olunmuş, bir tərəfdən oyulmuş və monolit qaya üzərində tikilmiş tarixi qala və kral məzarlarının YUNESKO-nun Dünya Mədəni  İrs Siyahısına daxil edilməsi üçün müraciət edilib.

Eğil qalası xüsusilə Romanın sərhəd qalaları arasında əhəmiyyətli bir yerə sahib olub. Aşşurlardan sonra Urartular və Arşak Krallığı qaladan istifadə etməyə davam edib. 639-cu ildə Diyarbəkirin ərəblər tərəfindən fəthi ilə İyaz Bin Qanemin komandanlığındakı ordu Egil qalasını fəth edərək İslam torpaqlarına qatdı. İslam torpaqlarında, xüsusilə Nisanoğulları dövründə Diyarbəkir paytaxt olduğu üçün Egil onların ikinci mühüm mərkəzi olub. Qala sonradan Osmanlılara bağlı bir hökumətə çevrilən Eğil bəylər dövründə də əhəmiyyətini qoruyub saxlayıb.

Burada bizi təəccübləndirən daha bir tarixi abidə 1900 illik qədim xristian kilsəsi oldu. Barış kilsəsi adlandırılan bu abidə qayanın içərisi oyularaq hazırlanıb. Burada uşaqlar vaftiz edilib, kilsə üzvləri, xristian ruhaniləri burada inzivaya çəkiliblər. Kilsə divarlarında xaç işarələri, vaftiz üçün oyulmuş yerlər də bundan xəbər verir. Az öncə dediyim kimi Dəclə çayının önündə bənd tikilərkən yaranan Baraka gölü qədim şəhəri də sular altında qoyub və o zaman burada yerləşən peyğəmbər məzarları da din adamlarının, arxeoloqlarının iştirakı ilə köçürülüb.

Növbəti ziyarətimiz burayadır. Qurani-Kərimdə iki ayədə adı keçən Həzrəti Elyesa peyğəmbər  (A.S.) və Həzrəti Zülkifl peyğəmbərin (A.S.) və Nəbi Harun-i Asəfi, Nəbi Ələk, Zenun, Danyal və Hz. Elyesa peyğəmbərin  əmisi oğlu Hürmüz, Nəbi Harunun qardaşı oğlu və köməkçisi Ruyem kimi peyğəmbər və övliyaların məzarlarının bu şəhərdə yerləşdiyinə inanılır. Bu nəhəng məzarlar isə Qurani-Kərimdə iki ayədə adı keçən Həzrəti Elyesa peyğəmbər  (A.S.) və Həzrəti Zülkifl peyğəmbərin məzarlarıdır. Məzar örtülərinin üzərində həmin ayələr yer alır.

Məzarlarından bədənləri çürüməmiş bir şəkildə aşkarlanan və boylarının 2 metr yarıma yaxın olduğu deyilən peyğəmbərlərin məzarları hörmət əlaməti olaraq  bu qədər böyük salınıb. Hz. Elyesa, İsrailoğullarına Hz. İlyasdan sonra göndərilən peyğəmbərdir. İsrailoğullarının islahı üçün çalışan Hz. Elyesaya toplumun çok az bir qismi  inanmış, böyük əksəriyyəti isə iman etməmişdi. Hz. Zülkifl isə Elyesa əleyhissəlamın əmisioğlu olub. O da, İsrailoğullarına göndərilən digər bir peyğəmbərdir. Hz. Zülkifl, Musa əleyhissalamın  dininin əmr və vacibatlarını  insanlara təbliğ edib.

Tarixi, dini məkanları gəzib mənəvi zövq aldıqdan sonra, kaymakamlıq binasında da görülən işlərlə tanış olduq. Volkan Hülür Egilin turizm baxımından tanıdılması üçün görülən işlərdən danışdı.

Diyarbəkirdə ikinci günümüz... Keçmişə səyahətimiz davam edir... Yolumuz əsrlərə şahidlik etmiş Zərzivan qalasınadır. Zərzevan qalası Diyarbəkirlə Mardin arasında, Çinar ilçesində yerləşən tarixi tikilidir və hərbi hissə funksiyası daşıyıb. Roma İmperiyası dövründə sərhəd qarnizonu kimi istifadə edilib. Diyarbəkirdə Şərqi Roma dövrünə aid ən əhəmiyyətli əsərlərdən biri hesab edilən qala, 2020-ci ildə Dünya Mədəni İrsi İlkin Siyahısına daxil edilib. Diyarbəkir-Mardin yolunun 45-ci kilometrliyində, yoldan 124 metr hündürlükdə qayalı təpənin üstündə yerləşir. Torpaq altından işıq üzünə 10 illik qazıntılarla çıxarılan Qaladır.  2014-cü ildə başlayan qazıntılar nəticəsində 12 metr hündürlüyündə, 1200 metr uzunluğunda şəhər divarının xarabalıqları, 22 metr hündürlüyündə gözətçi qülləsi, kilsə, saray, iqamətgah, qaya məzarları , hamam, taxıl və silah anbarları və 54 su çəni aşkar edilib. Bütün bu vadini nəzarətdə saxlayan, qədim ticarət yolunda yerləşən strateji Roma sərhəd qarnizonu məkanı olan Zərzəvan qalası  bir çox Roma-Sasani müharibələrinin şahidi olub. İslam orduları tərəfindən fəth edildikdən sonra Zərzəvanın yerləşdiyi ərazi geosiyasi əhəmiyyətini itirib.

2017-ci ildə qala içində kəşf edilən qədim Mitras Tapınağı bu gün qalanın ən maraqlı adibələrdən biridir. Mitras məbədi  Zerzevan qalasında yerləşən məbəddir. O, qaladan bir qədər şimalda yeraltı qayaların oyulması ilə tikilib. 2-3-cü əsrlərdə Roma İmperatorluğunda, xüsusilə də əsgərlər arasında çox geniş yayılmış, eramızın 4-cü əsrində xristianlığın yayılması ilə əhəmiyyətini itirmiş Mitras dininə mənsubdur. Anadoludakı iki Mitras məbədindən biri olan bu məbəd (digəri Antepdədir) 2017-ci ildə Zerzevan Kalesdə təsadüfən kəşf edilib. 1800 yaşı olduğu təxmin edilir.

Zərzəvan qalasından sonra yolumuz Diyarbəkir surlarınadır. 5,5 kilometr uzunluğunda olan bu surlar Çin səddindən sonra dünyanın ən qədim və əzəmətli qala divarlarındandır. Bu surlar 349-cu ildə Roma İmperatoru II Konstantinin əmri ilə  tikilib. Divarının hündürlüyü 10-12 metr, eni isə 3-5 metr arasında dəyişir. Surların 80-dən çox bürcü var, bürclərdə günəş və ulduz simvolları, müxtəlif heyvan relyefləri var.

Sur içinin ən böyük abidələrindən biri Həzrət Süleyman camisidir. 1155-1160-cı illərdə Nisanoğlu Ebul Kasım tərəfindən tikilib. Bu  məscidin ən əhəmiyyətli xüsusiyyəti odur ki,  Peyğəmbərdən sonrakı xəlifələr dövründə Diyarbəkirin fəthi buradan başlayır. Məscidin yanında Osmanlı dövründə tikilmiş Məşhəd yerləşir və burada İslam orduları tərəfindən Diyarbəkirin fəthi zamanı şəhid olan Halid Bin Vəlidin oğlu Süleyman və digər səhabələr dəfn olunur. Səhabələrin burada olması buranı ziyarətgaa çevirir. Bina keçmişdən bu günə qədər əhəmiyyətini qoruyub saxlayır və ziyarət yeri olaraq qalmaqdadır. Qeyd edək ki, bizim tarix dərsliklərində İslamın bu coğrafiyalara yayılması ərəb işğalı adlandırılsa da, Türkiyə tarixində bu fəth adlanır.

Növbəti qədim, möhtəşəm tarixi abidə Ulu camidir. Sur içində yerləşən bu cami  639-cu ildə Diyarbəkiri fəth edən müsəlman ərəblər tərəfindən şəhərin mərkəzindəki ən böyük məbədi olan Martoma kilsəsi məscidə çevirərək yaradılıb. Daha sonra 1091-ci ildə Böyük Səlcuq hökmdarı Məlikşahın göstərişi ilə əsaslı təmir  edilib. Müxtəlif dövrlərdə çoxlu təmir və əlavələrlə indiki şəklini alıb. Ulu camidə qədim əlyazmaların olduğu nəhəng kitabxana da turistlərin diqqətini cəlb edir. Diyarbəkirin tarixi gözəlliklərindən biri də ongözlü körpüdür ki, Dəclə çayının üzərində yerləşir.

Müəllif: Nərgiz Liftiyeva

Sitat.info



Xəbər xətti