Nüvə silahı əldə etmək istəyən dövlətlərin sayı artdıqca, bu, nüvə silahı olmayan ölkələrdə narahatlıq yaradır. Siyasətçilər və ekspertlər “nüvə müharibəsi” ifadəsini tez-tez işlətməyə başlayıblar. Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda Kreml Qərb dövlətlərini nüvə silahıyla hədələyir. Digər tərəfdən İran nüvə silahı əldə edərsə, Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək barədə düşünəcəklər. Çinin nüvə silahlarının sayını artrırması bu ölkənin qonşularını ciddi narahat edir".
Sitat.info xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə,Yaponiya, Cənubi Koreya və Hindistan nüvə mövzusunda, o cümlədən tərksilah və nüvə silahlarının yayılmaması barədə dialoq aparırlar: "Bu 3 ölkə uzun illər nüvə tərksilahının tərəfdarı olublar, nüvə sınaqlarına qadağa müqaviləsi və parçalanan materialların istehsalının dondurulmasını təklif ediblər. Hindistan və Cənubi Koreya nümayəndə heyətləri aprelin 26-da nüvə, kimyəvi və bioloji sahələrlə bağlı tərksilah və silahların yayılmaması sahəsindəki inkişaflara dair danışıqlar aparıblar. Cənubi Koreyanın paytaxtı Seulda keçirilən məsləhətləşmələrdə regional silahların yayılmaması ilə yanaşı, kosmos təhlükəsizliyi ilə bağlı məsələlər, hərbi sahədə süni intellekt daxil olmaqla adi silahlar və çoxtərəfli ixraca nəzarət rejimləri də müzakirə edilib. Cənubi Koreya ilə Hindistan arasında ticarət əlaqələri də ildən-ilə artır. Bu iki dövlət strateji tərəfdaşa çevriliblər. Bu arada, aprelin 24-də Yaponiya da Hindistanla tərksilah, silahların yayılmaması və ixraca nəzarət üzrə məsləhətləşmələrin 10-cu raundunu keçirdib. Tokioda keçirilən görüşdə də mövzu eyni olub, tərəflər nüvə, kimyəvi və bioloji sahələrə aid silahsızlanma və yayılmama, kosmosun təhlükəsizliyi, nüvə silahlarının yayılmaması, adi silahlar və ixraca nəzarət sahələrindəki inkişaflar barədə fikir mübadiləsi aparıblar".
E.Şahinoğlu qeyd etdi ki, Hindistan nüvə silahına malik olsa da, Çinin nüvə arsenalını artırmasından narahatdır: "Bu narahatlığı Cənubi Koreya və Yaponiya da bölüşür. Tokio, Seul və Dehli Çinin kosmosdakı tədqiqatlarından da narahatdırlar. Pekin kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır. Kosmosdan hərbi məqsədlər üçün də istifadə etmək olar. Çinin süni peyklərinin sayı artıb. Pekin kosmosun öyrənilməsində Rusiya və ABŞ-la rəqabət gücünü artırıb. Vaşinqtonda hesab edirlər ki, Çinin növbəti məqsədi aya süni peyk göndərməkdir".
Məğrur,
Sitat.info