Lerik və Yardımlıda acınacaqlı vəziyyət: Kəndlilər mal-qaranı kütləvi şəkildə satışa çıxartdılar- FOTOLAR + VİDEO

19:10 2 May 2024

Lerik və Yardımlı rayonunda bu yaz quraqlıq keçir. Görünən mənzərə kəndli üçün ciddi böhran deməkdir. Adətən hər il mayın ortalarında ot biçininə başlanılan bu kəndlərdə indi ot bitməyib  və mal-qara saxlayan kəndlilər acınacaqlı vəziyyətdədir. 

Eyni hal buğda zəmilərinə də aiddir. Artıq taxılın sünbül bağlayan vaxtıdır, lakin taxıl əkilən ərazilərdə quru torpaqdan başqa heç nə gözə dəymir. Həm gəmirici həşəratların yayılması və vaxtında qarşısının alınmaması, həm də əlverişsiz ekoloji vəziyyət bu il Lerik və Yardımlıda vəziyyəti daha da qəlizləşdirib. Fotolarda həşəratların torpağı nə hala saldığı aydın görünür. 

Qeyd edək ki, jurnalist, siyasi şərhçi Elşad Paşasoy Lerik və Yardımlıdakı vəziyyət barədə saytımıza məlumat verib. Onun göndərdiyi videogörüntülərdən də bölgənin ekoloji böhran yaşadığı aydın görünür. 

E.Paşasoy deyir ki, kəndlilər çıxılmaz vəziyyətdə olduqlarını bildirir, səslərinin aidiyyatı qurumlara çatdırılmasını xahiş edirlər.

Onların sözlərinə görə, ötən il də ot çox baha olub və heyvandarlıq artıq gəlirli bir sahə olmaqdan çıxıb. Kəndlilər heyvanlarını kütləvi şəkildə satışa çıxarır. Yayda ətin qiymətinin ucuzlaşacağı üçün kəndli son ümid yeri olan mal-qarasını əldən çıxartmağa çalışır.  Bu il isə ümumiyyətlə qıtlıq düşəcəyi açıq-aşkar görünür. Hətta yaxın 2-3 il üçün bu bölgədə quraqlıq olacağını proqnozlaşdıranlar da var. 

Bu mənada hökumətin bu bölgəyə diqqəti artırmasına, kəndlilərə zəruri subsidiyaların verilməsinə, zərərin kompensasiyasına və maarifləndirmə tədbirlərinə ciddi ehtiyac var. 

Mövzunu davam etdirəcəyik. 

 

Türkan,

Sitat.info




Xəbər xətti