"Gürcüstanda baş verən olaylar ən çox Kremlə sərf edir" -Natiq Cəfərlinin ŞƏRHİ

18:30 2 May 2024

"Gürcüstan toplumu siyasi aktivdir, ictimai həyat qaynayır, minlərlə QHT, onlarla siyasi partiyalar var, etiraz “damarları” var və bu yaxşıdır. Media azadlığı, seçki var – bir sözlə, demokratik institutlar “axsaq” da olsa işləyir. Bir neçə gündür küçələrdə etiraz edənlərin 95%-i parlemantdə 2-ci oxunuşdan keçən “inoaqent” haqqında qanunu heç oxumayıblar da, sadəcə, etiraz üçün platforma var, gələnlərin də öz dərdləri, hökumətə iradları var – inflyasiyaya görə etiraz edən də gəlib, maaşı az olmasına əsəbləşən də, amma məsələnin məğzinə etiraz edənlər çox azdı".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O , məsələnin mahiyyətini belə açıqlayıb: "Gürcüstanda hakim partiya “inoaqent” kimi tanıdılan qanun layihəsi təklif edib – qanunda deyilir ki, büdcəsinin 25%-dən çoxu xaricdən maliyyələşən, qrant alan istənilən KİV, QHT, siyasi-ictimai təşkilat bu məlumatı Ədliyyə Nazirliyinə bildirməli, həmin qurumların xaricdən maliyyələşməsi bağlı məlumat açıq olmalıdır. Bu qaydanı pozanlar cərimə olunacaqlar – vəssalam, olay budur, və Gürcüstan hökuməti məsələni normal izah edə bilmir, səs-küy normal diskursa mane olur. Hökumət deyir ki, qanunu 1938-ci ildə ABŞ-da qəbul edilmiş, “Foreign Agents Registration Act, FARA”, sənədindən köçürüb, hətta daha yumşaldaraq təqdim edib. İddia edirlər ki, məhz Rusiya pullarının siyasətə axmasının qarşısını kəsmək üçün edirlər. Müxalifət isə deyir ki, yox, bu Rusiyanın qanunudur, Kreml belə bir qanunun qəbulunu istəyib deyə, Gürcüstan hökuməti də gündəmə gətirib. Yaxşı, bu iddiaların məntiqi varmı?!  Gürcüstan hökuməti rəsmi şəkildə dəfələrlə AB və NATO-ya, Qərbə inteqarsiya yolunda olduqlarını bildiriblər, bu yaxınlarda AB-yə üzvlüyə namizəd status aldıqlarını hökumət toy-bayram kimi qeyd etdi, atəşfəşanlıq təşkil etdi, Tiflisdə bütün rəsmi binaların qarşısında öz bayraqları ilə yanaşı AB bayrağı da dalğalanır. Yəni, bu hökumət nə vaxt, “biz Avropadan üz döndəririk”, dedi ki, indi də üzərlərinə gedirlər?!".

İqtisadçı vurğuladı ki, qonşumuzda 5 aydan sonra seçkidir və müxalifət üçün hakimiyyətə sivil yolla gəlməyə fürsət var:"Cəmi 5 aydan sonra Gürcüstanda parlament seçkiləridir, müxalifət seçki olan məmləkətdə küçədən hakimiyyətə, özü də seçkiyə 5 ay qalmış gəlmək istəməz, aranı qatmaz, seçkiyə hazırlaşıb hökuməti udar! Əgər qalib gəlsələr, parlamentdə çoxluq qazansalar, bu qanunu ləğv etmək üçün səsvermə keçirərlər, olar-bitər. Bu qanun Quran ayəsi deyil ki, ləğv etmək mümkün olmasın. Yox əgər seçkilərdə hökumət partiyası qalib gələcəksə, deməli xalq bu qanundan narahat deyil, hökumətə güvənir – demokratiya budur, belə olmalıdır.

N.Cəfərli hesab edir ki,  Gürcüstanda qeyri-sabitlik və xaos ən çox Rusiyaya lazımdır, ən çox onların işinə yarayır: "Çünki Cənubi Qafqazda Azərbaycanın müttəfiqləri ilə birgə atdığı addımlar Moskvanı urvatsız edib, nüfuzunu dağıdıb, Ermənistanda anti-rusiya dalğasının pik nöqtəyə çatmasına səbəb olub. Azərbaycan-Ermənistan arasında sülhlə bağlı ciddi addımlar atılıb sənədlər imzalansa, Kreml daha çox itirəcək. Deməli yeni “dayaq nöqtələri” axtarmalı olacaq ki, bunlardan biri də torpaqlarının 20%-nin Rusiya tərəfindən rəsmən işğal edilmiş Gürcüstan ola bilər. Amma bunun üçün Gürcüstan qarışmalıdır, qeyri-sabit ölkə olmalıdır – deməli son etirazlar elə Kremlə sərf edir".

Nərgiz,

Sitat.info



Xəbər xətti