Putin generalları təcili Bakıya göndərdi – Nə baş verir?

15:41 24 Mart 2022

Rəsmi İrəvan destruktiv addımları ilə Bakını məcbur edir ki, daha sərt tədbirlərə əl atsın. 10 noyabr üçtərəfli bəyanatından təxminən il yarım keçməsinə baxmayaraq Ermənistan bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərdən yayınmaq məqsədilə manipulyativ cəhdlərdən başqa heç nə etmir. 

Rusiya-Ukrayna cəbhəsindəki gərginlik fonunda rəsmi Bakı İrəvanı ipə-sapa yatırmaq üçün, oxları üzərinə döndərməmək məqsədilə daha düşünülmüş, güc faktorunun bir qədər arxa planda qalacağı gedişlər etməklə Ermənistan rəhbərliyini adekvat addım atmaq məcburiyyətində qoymaq haqda düşünür. Bunun ilk nümunəsini günlər öncə Ermənistanın son kartını əlindən alan İranla aramızda imzalanan Anlaşma Memorandumunu misal göstərmək olar. Bu zamana kimi Ermənistan hərbi-siyasi rəhbərliyi əgər Zəngəzur dəhlizi kartından aktiv istifadə edərək Azərbaycan qarşısında vaxt qazanmaq, revanşist qüvvələrə dirçəlmək şansı vermək haqda düşünürdüsə, rəsmi bakı Ermənistanı imzalanan Memorandumla həmin fürsətdən məhrum etdi.

Lakin Ermənistan vədinə naxələf çıxmaqla, ikili oyun oynamaqla Azərbaycanı daha sərt tədbirlər görmək məcburiyyətində qoyur. Elə bu səbəbdən də Azərbaycan Ordusunun nəzarətindəki ərazilərimizdə boru xəttində baş verən qəza sonrası Qarabağın dağlıq hissəsinin qazla təminatı məsələsində ciddi problemin yaranması Ermənistanın işini bir az da müşğülə saldı. Artıq iki həftədən artıqdır yaranan istilik problemi Xankəndində, Xocalıda separatçı rejim qalıqlarının yaşayışını dözülməz həddə çatdırıb. Artıq Rusiya sülhməramlılarının bu cür problemlərə müdaxilə imkanlarının məhdudlaşdığının şahidiyik. Bu vaxta kimi kontingentin müvəqqəti nəzarət zonasındakı ermənilərin məişət problemlərinin həllində böyük canfəşanlıq nümayiş etdirən sülhməramlılar artıq gözə dəymir. Təbii ki, onlar da bu vəziyyətdən məmnun deyillər. Lakin rəsmi Bakı Rusiya-Ukrayna müharibəsi fonunda vəziyyəti düzgün qiymətləndirməklə, Moskvanın Qarabağda manevr imkanlarını məhdudlaşdırmış kimi göründü.

Elə bu səbəbdən də Ermənistan höküməti dərhal prosesə Qərbin müdaxiləsini vacib bildi. Qarabağdan qaçan yüzlərlə erməninin (Qarabağda yaşayan ermənilərin sayı barədə Azərbaycan rəsmiləri 25 min, Rusiya sülhməramlıları 50 min nəfər ifadəsi işlədir. Ermənistan XİN isə bu rəqəmi süni şəkildə 3-4 dəfə artırıb – red) qarşısını kəsmək üçün istilik probleminin həllinə çalışan Ermənistan XİN Qarabağda qazın kəsilməsinə görə Azərbaycan hökumətini günahlandırıb və beynəlxalq qurumlara çağırış edib.

Ermənilər bunu özləri üçün göydəndüşmə bir fürsət kimi dəyərləndirmək niyyətindədirlər. Onların beynəlxalq qurumlara bu müraciəti belə deməyə əsas verir. Bu yolla ermənilər təbii şəraitdə baş verən qəzanı beynəlxalq ictimaiyyətə “humanitar fəlakət” kimi sırımağa çalışmaqla yanaşı, eyni zamanda erməni əhalinin yaranmış vəziyyətə görə narazılığını Azərbaycanın üzərinə yönəltməyə və bölgədə birgəyaşayışın mümkün olmadığını təbliğ etməyə çalışırlar.

Avropa İttifaqı rəsmi İrəvanın bu müraciətinə həmişəki kimi bu dəfə də “etinasız” yanaşmayıb. Aİ Xankəndidə qaz təchizatının yenidən kəsilməsindən narahatlığını dilə gətirməsi azmış kimi, bəyanatında şəhərin adını “Stepanakert” olaraq qeyd edib. Belə bir nüfuzlu qurumun bu məsələyə göstərdiyi münasibət (Xankəndini həm də “Stepanakert” kimi göstərməsi – red) “humanitar böhran” üzərindən separatizmə dəstək verməkdən başqa bir şey deyil. Burada yenə Qərbin Azərbaycana qarşı qərəzliliyi, ikili standartlardan yanaşması diqqətdən yayına bilməz. Çünki bu gün Ukraynada da, Gürcüstanda da, Moldovada da baş verənləri separatizm adlandıran Qərb, bu işğal faktoruna çıxdığı halda Azərbaycana fərqli münasibət sərgiləyir. Belə görünür ki, söhbət Azərbaycandan gedirsə, onun əraziləri işğal da edilə bilər,  ona qarşı ərazi iddiası ilə də çıxış etmək olar. Əslində bizim üçün bu münasibət yad deyil. Cəmi il yarım öncəyə kimi 30 il Qərbin bu laqeydliyinin, biganəliyinin ağrı-acısını çəkmişik.

Amma Qərbə xatırlatmaq yerinə düşər ki, Ermənistanın Azərbaycan ərazisindən Qarabağa uzanan boru xətti qanunsuz tikilib. Separatçılar bu boru xəttini işğal dövründə tikiblər. Azərbaycan öz torpaqlarının əksər hissəsini işğaldan azad etdikdən sonra boru xəttinin bir hissəsi nəzarətimiz altına keçib. Ermənistan həmin boru xəttiylə bağlı özünə yeni havadar, yeni himayədar axtramaq əvəzinə Azərbaycanla danışıqlar aparmalıdır. Çünki ərazi Azərbaycanın olduğundan oradakı bütün proseslər kimi boru xəttiylə qazın nəqli məsələsi də məhz Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir. Əks təqdirdə Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar bilməlidirlər ki, bölgəyə qazın, suyun və işığın verilməsində fasilələrin yaranacağı qaçılmaz ola bilər.

Sirr deyil ki, bu, eyni zamanda Rusiya-Qərb qarşıdurması fonunda Ermənistanın canfəşanlıqla Minsk Qrupunu yenidən prosesə cəlb edərək regiona gətirmək cəhdlərinin bir hissəsidir. əlbəttə digər iki tərəf üçün ciddi problemlər mənbəyidir. Bununla İrəvan Qərbdə belə bir rıçaq verməklə divident qazanmaq sevdasında olduğunu da gizlədə bilmir. Minsk Qrupunun həmsədrlərindən olan Fransanın da sədrlik etdiyi Aİ isə bunu əlverişli fürsət kimi görüb, bununla Azərbaycana təzyiqi artırmaq niyyətini bəs-bəlli edir. Səbəb isə məlumdur: Cənubi Qafqazda Rusiyanı əvəz etmək.

Rusiya Ermənistan-Qərb işbirliyini görməzdən gələ bilməz. Moskva yaxşı bilir ki, onu sanksiyalarla boğmaq istəyən Qərb arzusuna çatacağı təqdirdə Rusiyanın kürəyinə ilk xəncəri Ermənistan sancacaq. Görünür elə bu səbəbdən də Moskva gec də olsa Qarabağdakı səhvlərini düzəltmək qərarı verib. Baş Qərargah rəisi Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimlə erməni qoşunların Azərbaycan torpaqlarından çıxarılması məsələsini müzakirə etməsi Qarabağda müəyyən proseslərin başladığını təsdiqləyir.

Rusiya Cənubi Qafqazda mövqeyini qoruyub saxlamağın məhz Bakı ilə razılaşmadan keçdiyini anladığından artıq 10 noyabr razılaşmasının 4-cü bəndinin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir – red) Qarabağdakı sülhməramlıların komandanı ilə yox, daha yüksək səviyyədə müzakirə edilməsidir və bu, iki mümkün versiyanı gündəmə gətirib.

Belə aydın olur ki, Rusiya-Qərb qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün Moskva artıq Bakı ilə erməni qoşunların çıxarılması məsələsində indi həmfikirdir. Lakin nəzərə alsaq ki, Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələri tabesizlik göstərir, demək ki, tərəflər arasında bu məsələ ilə bağlı da atıla biləcək addımları müzakirə edilib.

Moskva anlamalıdır ki, əgər 1 il bundan qabaq regionda vəziyyət Rusiyanın diqtə etdiyi şəkildə daha çox icra edilməli idisə, bu gün vəziyyət tamamilə rəsmi Bakının istəyinə uyğun cərəyan edir. Moskva erməni separatçı rejim qalıqlarının Qarabağdan çıxarılması ilə bağlı konkret qrafik təqdim edəcək kimi də görünmür, çünki Rusiyanın başı özünə kifayət qədər qarışıb. Ona görə də ən mümkün variantlardan biri budur – problemi Azərbaycan Ordusu özü həll etməli olacaq. 44 günlük müharibədən sonra erməni separatçı rejim mənsublarının Qarabağdan çıxarılması məsələsinin ilk dəfə bu qədər aktuallaşdığı nəzərə çarpır. Son proseslər də deməyə əsas verir ki, rəsmi Bakı artıq məsələnin praktiki mərhələyə keçməsində israrlıdır. /Milli.az/



Xəbər xətti