ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələri Krıma gedən quru yolu yararsız hala salmağa çalışır.
Məlum olduğu kimi, Ukrayna indiyədək Krım körpüsünü bir neçə dəfə vurub. Sonuncu belə hücum bu il iyulun 17-də olub. Körpünün gələcəkdə də hədəf alınması mümkündür. Rəsmi Kiyev bu planlarını açıq etiraf edib.
ABŞ Müdafiə Nazirliyinin bəyanatı Ukraynanın planlarını təsdiqləyir.
Krım körpüsü strateji əhəmiyyətli obyektdir. Belə ki, məhz bu tikili vasitəsilə Rusiya ilə yarımada arasında əlaqə təmin olunur. Bir çox hallarda qondarma respublikaya təminat Krım körpüsü vasitəsilə həyata keçirilir. Odur ki, körpünün sıradan çıxarılması Ukrayna üçün xüsusi əhəmiyyətlidir.
Bundan başqa, Krım körpüsünün ard-arda vurulması Rusiyaya həm də iqtisadi və psixoloji zərbədir.
Pentaqonun iddiası rəsmi Kiyevin strateji hədəflərindən xəbər verir.
Prezident Volodimir Zelenski və digər rəsmilər dəfələrlə bildiriblər ki, müharibə 1991-ci il sərhədləri bərpa ediləndən, o cümlədən Krım azad olunandan sonra başa çatacaq. Görünən odur ki, Kiyev bu məsələdə israrlıdır. Ukrayna hədəfi istiqamətində uğurla irəliləməkdədir.
Krıma gedən quru yolu yararsız hala salınarsa, bu, Ukraynanın “əlini xeyli gücləndirəcək”. Çünki yarımadaya təminat dayanacaq. Beləliklə, gələcəkdə Ukrayna ABŞ-dan alacağı F-16 qırıcı təyyarələri ilə Krımının azad olunması əməliyyatına başlaya bilər.
Sözsüz ki, Krımın işğaldan azad olunması asan məsələ deyil. Bunun üçün xeyli vaxta ehtiyac var. Amma, görünür, proses artıq başlayıb. Hər şey plan üzrə davam edərsə və Qərb Kiyevi yarı yolda qoymazsa. Yarımada gələn il ərzində azad oluna bilər.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün...