Moskva hələ ki ona dost olan Azərbaycana qarşı “sualtı daşlar” düzməməli, öz vassalını Bakı ilə təcili sülh müqaviləsi imzalamağa məcbur etməlidir...
Ermənilər kimi rusların da bir xroniki “miatsum” xəstəliyi var. Dünyanın harasında 3-4 rus yaşayır, deyirlər ora bizim tarixi torpaqlardır, qədim Rusiyadır, yaxud “Novo-Rusiya”dır. Ukrayna xalqının davam edən soyqırımının qayəsində ən əvvəl bu sərsəm iddia, velikorus şovinizmi, daha dəqiqi, neo-imperialist hədəf durur.
Yerdə qalanların hamısı, o cümlədən Ukraynanın NATO-ya üzvlüyə can atması, haradasa “suyu bulandırması” və s. bəhanədir. Təsadüfi deyil ki, Rusiyanın qonşu suveren dövlətə təcavüzünü onun əhalisinin yarıdan çoxu dəstəkləyir və haqlı (!) hesab edir. Yəni rus “miatsumu” mərəzi.
*****
Belə görünür, bəşəriyyət rus və ermənilərin “miatsum” bəlasının altını hələ bur müddət də çəkməli olacaq. Ən maraqlısı odur ki, ruslar iki əsrdir ermənilərin özlərindən də öz hədəfləri naminə alət kimi istifadə edib Qafqazın aborigen (köklü) xalqlarını, ilk növbədə də Azərbaycan türklərini öz torpaqlarından sıxışdırır, onlara göz verib işıq vermir, region ölkələrinin, öncəliklə də Azərbaycanın ərazi bütövlüyünə qəsd edir, daima bölgəni qarışdırırlar. Qarabağda ara-sıra boy verən erməni azğınlıqları buna zərrəcə şübhə saxlamır.
Bu da növbəti sübut. Srağagün Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib. “News1" kanalında çıxışı zamanı o, ölkəmizi aqressiyada (?!) günahlandırıb və buna qarşı sərt addımlar atmağı zəruri hesab edib. Deputat hətta Azərbaycan neft sənayesinə zərbə endirilmə ehtimalını dilə gətirib. Səbəb də Fərrux kəndi ilə bağlı olaylarda prinsipiallıq göstərməyimiz, ”Moskvanın bir sözünü iki eləməyimiz", bir də guya Rusiyaya qarşı “ikinci cəbhə” açmaq niyyətimizdir. Absurda bax. Sən demə, Azərbaycan öz ərazisini işğal edibmiş!
Bəli, Fərrux kəndi Rusiya “sülhməramlılarının” müvəqqəti yerləşdiyi ərazidədir. Ancaq Rusiyanın kəndi, mülkiyyəti-zadı deyil! Biz Qarabağın yerdə qalanını Rusiyaya bağışlayıb-eləməmişik, peşkəş verməmişik!
Ən başlıcası, burnundan uzağı görməyən, öz ölkəsinə “ayı xidməti” göstərən rus deputatı unudur ki, Azərbaycana, onun neft-qaz infrastrukturuna hücum həm də Türkiyəyə (Şuşa Bəyannaməsi) və Qərbin transmilli şirkətlərinə və energetik maraqlarına hücum demək olacaq - bütün nəticələri ilə birgə. Rusiya özünə qarşı gerçəkdən “ikinci cəbhə” açmaq istəyirsə, onda ayrı məsələ.
“Bu şəxslərin diqqətinə onu da çatdırırıq ki, Azərbaycan postsovet məkanında ən müasir və zəngin hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə malikdir. Bunlar - Rusiyanın özündən alınmış ən modern S-300PMU2 ”Favorit"in iki batareyasına, çoxlu sayda “Buk-MB”, “Tor-M2E”, həmçinin İsrailin SPYDERSR (məşhur “Dəmir Günbəz”) və “Barak-8"ə əsaslanır. Azərbaycanın hava və raket hücumundan müdafiə sistemi 2020-ci ildəki 44 günlük müharibə zamanı enerji infrastrukturu obyektlərimizi etibarlı şəkildə qoruyub. İngilis yazıçısı Robert Lyuisin məşhur sözlərini də xatırlayıram: ”Şüşə evdə yaşayan gərək başqasına daş atmasın". Delyaginin Rusiyada siyasi və sosial çəkisi o qədər kiçikdir ki, o, Rusiyanın enerji infrastrukturunun təhlükəsizliyi bir yana, heç özünün “beşinci nöqtəsi”nin təhlükəsizliyini təmin edə bilmir. Odur ki, o, dövlət telekanalının efirindən hələ ki Rusiyaya dost olan Azərbaycanın neft infrastrukturunun məhv edilməsi ilə bağlı təhdidləri məsuliyyətsizcəsinə ifraz eləməməli idi".
“Yeni Müsavat”ın məlumatına görə, şimaldakı bəzi qaynar başlar üçün soyuq duş effektli belə bir statusu özünün Facebook səhifəsində politoloq Rasim Musabəyov yazıb...
*****
Qayıdaq Qarabağ mövzusuna. Xeyli vaxtdır Rusiya iddia edir ki, onun üçün “qırmızı xətt” Ukraynanın NATO-da olmasıdır. Bunu yolverilməz sayırlar. Özləri bilər. Hərçənd bunun Ukraynaya soxulmaq, onu ilhaq eləmək üçün əsas yaratmadığı hamıya məlumdur. Azərbaycan üçün “qırmızı xətt” isə Qarabağda sonuncu erməni silahlı quldurun və faşistin də çıxarılması və ya tərk-silah edilməsidir. Bu hədəfə çatılmayınca, Rusiya Azərbaycanın öz suveren ərazisində qayda-qanun yaratmağa əngəl olunca heç bir səmimi müttəfiqlik və ya tərəfdaşlıqdan söhbət gedə bilməz.
Qısası, Moskva Qarabağda qondarma “rus icması” yaratmaq da daxil, “erməni kartı”ndan əleyhimizə istifadəni dayandırmalıdır! Kreml həqiqətən bölgədə özünə qarşı “ikinci cəbhə” açılmasını arzulamırsa, o zaman regional sülhə əngəl yaratmaq, “sualtı daşlar” düzmək əvəzinə, təcili şəkildə öz köləsi Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur eləməlidir. Bundan ötrü sırf beynəlxalq hüquqa söykənən 5 bənddən ibarət təklif çoxdan masadadır. Bununla da hər şey öz təbii axarına düşəcək, sakitləşəcək. Əks halda, kapitulyant ölkənin rəhbəri Nikol Paşinyanın Bakıya “sülh çağırışları”nın milçək kıxı qədər dəyəri olmayacaq və siyasi riyakarlıq nümunələri kimi tarixdə qalacaq.
*****
Yeri gəlmişkən, martın 28-də Paşinyan yenə Azərbaycanı təcili sülh danışıqlarına səsləyib. Onun başçılığı ilə Ermənistanın Təhlükəsizlik Şurasının qapalı iclasından sonra verilən bəyanatda deyilir ki, “Ermənistan əvvəllər səsləndirilmiş mövqeyini bir daha təsdiqləyir və Azərbaycanı hərtərəfli sülh sazişi ətrafında təcili danışıqlara başlamağa dəvət edir”.
Azərbaycan da sülh üçün çalışır. İndi əgər hər iki tərəf sülh anlaşmasında maraqlıdırsa, bəs onda buna nə mane olur? Məsələ ondadır ki, erməni tərəfinin təsəvvüründəki “sülh” bambaşqadır. İrəvan hələ də bizim beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzü tanımaqdan imtina edir. Cürbəcür bəhanələr gətirir, Qarabağın Azərbaycana dəxli olmadığını deyir, artıq “gorbogor” olmuş Minsk Qrupunu təzədən dövriyyəyə soxmağa cəhdlər edir, hansısa “3 həll prinsipi”ndən dəm vurur. Sanki Bakı nə vaxtsa bu prinsiplərlə bağlı konkret sənədə, razılaşmağa imza atıb, öhdəlik götürüb. Əlbəttə ki, yoxdur belə bir şey!
Beləcə, İrəvanın təhlükəli sülh oyunbazlığı, siyasi riyakarlığı bitmək bilmir. Odur ki, əgər rəsmi Moskva Güney Qafqazda səmimi şəkildə sabitlik və sakitlik arzulayırsa, o zaman öncə erməniləri ağla gətirsin. Əks təqdirdə, o da, onun vassalı da müharibəyə hazır olsun. Savaş 45-ci günə keçə bilər...