Peskov iki liderin görüşünü hipotetik olaraq mümkün saymaqla Ukrayna prezidentinə ironiya edib; ekspert: “Rusiya görüşə hələ ciddi yanaşmır, çünki...”
Rusiya prezidenti Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüş keçirilməsi üçün səylər göstərilsə də, hələlik nəticə yoxdur. Xüsusən Türkiyə təşəbbüskarlığı artırıb, İstanbulda iki liderin görüşü üçün çalışır. Hətta müharibə başlamazdan öncə də Putin - Zelenski arasında görüşün olacağı haqda proqnozlar verilirdi. Ukrayna prezidenti özü də rusiyalı həmkarına müraciət etmişdi ki, görüşə hazırdır. Amma Putin onunla danışmaq niyyətində olmadığını Kremlin mətbuat xidməti vasitəsilə çatdırırdı. İndi də görüşlə bağlı təkliflər səslənir, lakin həm Zelenski, həm Putin öncədən şərtləri açıqlayır.
“Yeni Müsavat” bildirir ki, Ukrayna prezidenti son açıqlamasında “Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər” bəyanatını verib. Zelenski bildirib ki, indi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq: “Beş ölkə buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tamhüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik”, - deyə Zelenski bildirib. Rusiya lideri isə şərt irəli sürür ki, Ukrayna neytral status qəbul etsin, dövlət silahsızlaşdırılsın, Krım və Donbasla bağlı hesablaşsın.
Amma görüş olacaqmı? Artıq gec deyilmi? Rus ordusu Ukrayna şəhərlərini bombaladıqdan sonra danışmağa nə qaldı? Prezidentlərin Türkiyədə, Ərdoğanın iştirakı və ev sahibliyi ilə görüşəcəyi haqda da dünya mediasında informasiyalar, təhlil yazılar dərc edilib. Amma hələlik bu təmas baş tutmur.
Yeri gəlmişkən, Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya1" telekanalında yayımlanan ”Moskva.Kreml.Putin" proqramına müsahibəsində gözlənilən görüşlə bağlı maraqlı açıqlama verib. Peskov deyib ki, Putin heç vaxt Zelenski ilə görüşdən imtina etməyib, bu, hipotetik olaraq mümkündür, lakin görüşün baş tutması üçün konkret sənəd hazırlanmalıdır. Peskov burada hipotetik (fərziyyə) kəlməsini ironiya ilə işlədib, ya ciddi? Bununla Putinin Zelenskiyə yuxarıdan aşağı baxdığı mesajını vermiş olubmu? Peskovun bu açıqlamasına politoloqlar, siyasətçilər necə baxır?
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a qeyd etdi ki, münaqişənin həlli üçün Türkiyənin təşəbbüsü ilə keçirilən görüş konstruktiv alındı və hər iki tərəf müsbət qarşıladı: “Amma bəzi şərtləri qarşılıqlı qəbul edə bilmirlər. Rusiya prinsipial şərtlər qoyur - Ukraynanın hərbi bloklara qoşulmaması, nüvə silahı əldə etməmək öhdəliyi və s. Digər tərəfdən isə Zelenski müstəqil deyil və onu idarə edən Birləşmiş Ştatlar var. Vaşinqton da münaqişənin tez həllini istəmir, çünki müharibə uzandıqca Rusiyanın sosial problemləri artır. Bu da Amerikanın strateji planına daxildir. Odur ki, Rusiya görüşə hələ ciddi yanaşmır”.
Ekspert hesab edir ki, hər münaqişənin sonu danışıqlar masasında həll olunur: “Müharibə hər iki tərəfə ziyan vurur. Bunun üçün tez-tez dialoq olmalıdır ki, danışıqlar sürətlənsin. Amma təkrar edirəm ki, Zelenski müstəqil siyasət apara bilmir və Amerikadan gələn diktə ilə hərəkət edir”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ukraynanın NATO-ya üzvlüyünün çətinliyi, ən azı orta perspektivdə mümkünsüzlüyünü Vaşinqtonda da, Moskvada da bilirdilər: “Məsələ NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından ibarət deyil: ittifaq illərdir Şərqi Avropanın şərq sərhədi boyunca yerləşib. Donbas məsələsinin Rusiyanın istəyinə uyğun olan Minsk razılaşması çərçivəsində həlli imkanı heç olmadığı qədər yetişmişdi. Hücumdan öncə Makron və Şolz Zelenski ilə ”yüksək status" üzərində razılaşmış, Fransa prezidenti hətta bu gün Moskva-Kiyev danışıqlarından müzakirə olunan Ukraynanın “neytral status”u təklifini də Kremlə aparmışdı.
Putinin ABŞ-Rusiya qarşıdurmasında Qərb cəbhəsini, həm də NATO-nu Paris və Berlin üzərindən bölmək imkanı geniş idi. Donbas separatçılarına “yüksək status” ala, qoşunlarını sərhədinə yığdığı Ukraynanın “neytral status”unu Makron və Şolzun dəstəyi ilə əldə edə, ABŞ-ın Avropadakı təsirinə ciddi zərbə vura, hətta “genişlənməsini” təhlükə olaraq gördüyü NATO-nu daxildən parçalaya bilərdi".
/Musavat.com