"Bu gün Qarabağ məsələsində Qərbin yalnız ikili yanaşmasını və qərəzini görürük" - Ceyhun Məmmədov

16:08 14 Noyabr 2023

"Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu və onların orada fəaliyyəti ilə bağlı Azərbaycanın mövqeyi konkretdir. Azərbaycan dəfələrlə qeyd edib ki, müddət tamam olan kimi sülhməramlılar çıxmalıdır. Onların fəaliyyət dövrü beş il müddətinə nəzərdə tutulmuşdu, müddət tamam olan kimi Rusiya sülhməramlıları bu əraziləri tərk edəcəklər. O anlamda hesab edirəm ki, biz hazırda bu prosesləri gözləməliyik. Tələsməməliyik,  zamanla bu məsələ öz həllini tapacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun fikrincə, reallıq ondan ibarətdir ki, Rusiya sülhməramlılarının oradakı fəaliyyətinə artıq ehtiyac yoxdur: "Çünki artıq bu ərazilər Azərbaycanın tam nəzarətindədir. Azərbaycan özü öz ərazilərinə nəzarət edir. O mənada bizim bu gün burada kiminsə fəaliyyətinə, proseslərdə iştirakına ehtiyacımız yoxdur. Azərbaycan da bu məsələni dəfələrlə qeyd edib və dəfələrlə bu məsələyə münasibət bildirib".

Ermənistanla bağlı məsələyə gəlincə, C. Məmmədov qeyd edib ki, artıq Ermənistanın bu məsələdə heç bir rolu yoxdur: "Yəni Ermənistan bu ərazilərdə mövcud deyil və Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu bildirdiyinə görə, burada Ermənistanın heç bir rolundan və fəaliyyətindən söhbət gedə bilməz. Bu məsələ yalnız Azərbaycanla Rusiya arasında tənzimlənir. Burada əlavə hansısa məsələyə ehtiyac yoxdur. Bu gün bu məsələyə yanaşmada da biz bu reallıqları nəzərə almalıyıq. Bu gün artıq bu məsələ yalnız Azərbaycanla Rusiya arasında həll olunur". 

Deputat hesab edir ki, indi biz qələbəmizi möhkəmləndirməliyik,  Rusiya ilə, bölgə dövlətləri ilə münasibətlərimizi qorumalıyıq: " Təəssüf ki, bu gün Qərbin bu məsələdə yalnız ikili yanaşmasını və qərəzini görürük. Qərbin hansısa bir töhfəsini biz görə bilmirik. Hesab edirik ki, məsələlər region dövlətləri arasında həllini tapmalıdır, müzakirə olunmalıdır. Bizim əlavə kiminsə iştirakına, kiminsə bu prosesdə dəstəyinə ehtiyacımız yoxdur. Təəssüf ki, Avropa Birliyi tərəflidir. Ona görə bu  məsələlərdə onların iştirakı  hazırda nəzərdə tutmur. Təəssüf ki, Qərbin ikili standartları bu prosesdə özünü açıq şəkildə göstərdi".

Nərgiz Liftiyeva,

Sitat.info 



Xəbər xətti