40 gündən çoxdur ki, Yaxın Şərqdə vəziyyət ürəkaçan deyil. İsrail-Fələstin müharibəsi bütün şiddəti ilə davam edərkən ABŞ və Qərbin də diqqəti Rusiya-Ukrayna müharibəsindən yayınaraq Yaxın Şərqə dikilib. Bunun Ukrayna üçün nə qədər arzuolunmaz, Rusiya üçün isə nə qədər əlverişli vəziyyət olduğunu artıq Qərb ekspertlərinin açıqlamalarında da əksini tapır. Ukraynaya yardımdan və müharibənin hələ uzun müddət davam edəcəyi perspektivindən yorulan Avropa dövlətləri hazırki reallıqlar çərçivəsində danışıqlara gedilməsi ilə bağlı fikir səsləndirməkdədirlər. Bəs Ukraynanın verdiyi qurbanlara görə kim cavab verəcək? Zelenskini nə gözləyir?
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirdi ki, artıq Rusiya-Ukrayna cəbhəsində vəziyyət dəyişir: “Əvvəla, nə qədər qəribə gəlsə də, bir çoxları tərəfindən bu fikirlərim qəbul olunmasa da, deyəcəm, Ukrayna cəbhəsində dəngələr günü-gündən dəyişir. Kollektiv Qərb göründüyü qədərilə yoruldu. “Yordu-yordu” oyununun sonları yaxınlaşır və Putin Rusiyası daha diri görünür. Son aylarda gələn açıqlamalar da bunu göstərir. Xüsusilə, HƏMAS-İsrail savaşı başlayandan Amerika başda olmaqla, Avropanın iri güclərinin diqqəti daha çox Yaxın Şərqə yönəldi. Bütün diqqətlər İsrailin Qəzza bölgəsində qələbə qazanmasına yönəlib. Hətta bunun üçün kifayət qədər dəstək də verilməmiş deyil. Bir növ bu savaşın başlanmasından daha çox Zelenski Ukraynası ziyan görməyə başlayıb və bu HƏMAS-İsrail müharibəsinin bir anda bitməsini gecə-gündüz arzu edirlər. Amma bu savaş qısa zamanda bitəcəkmi? Xeyr".
C.Abbaslı vurğulyıb ki, bu savaş hələ bir müddət davam edəcək: "İsrailin hücumlarına qədər göstərilən dirəniş bunu deməyə əsas verir. Xüsusilə, Fələstinə kifayət qədər dəstək da dünyanın bəzi ölkələri tərəfindən gəlməkdədir. Bu sırada Türkiyə, Rusiya kimi ölkələrin adlarını xüsusi vurğulamaq olar. Bunun üstünə London və digər Avropa şəhərlərində Fələstinə dəstək mitinqindəki kütləviliyi də gəlmək olar. Eyni zamanda, Avropanın qabaqcıl futbol çempionatlarının stadionlarında qaldırılan Fələstin bayraqlarını da unutmayaq. Bütün bunları ona görə deyirəm ki, artıq Rusiya-Ukrayna və HƏMAS-İsrail savaşı paralel getməkdədir. Bir növ bu savaşların bitməsi üçün biri digərindən asılı hala gəlib. Xüsusilə, Yaxın Şərqdəki savaş daha asılı durumda görünməkdədir”.
Partiya sözçüsü Kon Koflin dediklərində həqiqətlər görür: “Zatən müharibənin ilk günlərindən, hələ də deyə bilərik ki, bu müharibənin toxumlarının səpildiyi 2014-cü ilin martından hər kəsə bəlli idi ki, kollektiv Qərbi Ukraynanın Qərbi, Rusiyanı isə Şərqi maraqlandırır. “Rus ayısı” istəyinə çatmış durumda görünür. Qərb isə elə əvvəlcədən niyyətinə çatıb. O baxımdan iki hissəyə parçalanma fikirlərində həqiqətlər görünür. Amma təbii ki, Ukrayna kimi bir ölkənin dövlətçiliyi süquta uğramayacaq ki. Sadəcə ölkə qarşı-qarşıya dayanan iki cəbhənin, yəni Rusiya və Qərbin təsir dairələrinə bölünəcək. Qəzza bölgəsində də savaş uzanacaqsa, sonunda yorulan Qərb dünyası olacaq. Bu tarix boyu belə olub. Əvvəl şirnikləşdirmə və sonunda meydanda tək buraxmaq onların ən böyük ustalığıdır".
Ukrayna cəbhəsində məğlubiyyətə gəlincə, C.Abbaslı hesab edir ki, dünyada təbii ki, dəngələr çox dəyişəcək: "Bu Rusiyanın daha da güclənməsi demək olacaq. Bununla Kreml iştaha gələcək, dünyanın bir sıra yerlərində olan niyyətlərini həyata keçirməyə çalışacaq. Onunla yanaşı təbii olaraq, İran da dirçələcək. Bütün bunlar da bir çox ölkələr üçün arzuolunan deyil. Burada da ən böyük suçlu riyakar Qərb olacaq. Ukrayna müharibəsinin artıq 630 gününü geridə buraxdıq. Keçən bu müddət ərzində Ukraynanın hava məkanı bağlanmadı, get-gedə edilən yardımlar azalmağa başladı, Qərb ölkələrinin liderlərinin hər biri müxtəlif “havalar çalmağa” başladılar. Təkcə son faktı deyək ki, Slovakiya NATO-ya müraciət edərək, Ukraynaya hərbi yardımı dayandırdığını bəyan edib. Bu tendensiya başqa ölkələrdə də müşahidə olunacaq. Litvanın xarici işlər nazirinin günlər öncə “Putin qələbəyə hazırlaşır” fikirləri də bir çox mətləblərdən xəbər verdi. Bu savaşda Qərbin mövqelərinin zəifləyəcəyi barədə fikirlər də doğru deyil. Heç bir yeni sistem də formalaşmayacaq. Çünki Amerikası daxil Qərb dövlətlərinin oturuşmuş sistemi mövcuddur. Ukrayna savaşında Rusiya qalib gəlsə belə, bu həmin sistemlərin dəyişməsinə, yaxud da yeni sistemlərin yaranmasına yol aça bilməz. Yekun olaraq bunu deyək bilərik ki, bu savaşda itirən bir tərəf var, o da ölkə viran olunmuş, on milyardlarla ziyan dəymiş, yüz mindən çox insan itkisi verən Ukraynadır”.
Ayna Fərhad,
Sitat.info