"Onlar da gec-tez eyni aqibəti yaşayacaqlar" - Deputat

23:54 16 Noyabr 2023

Qaradağlı və Xocalı qətliamının iştirakçılarından olan Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdə "Ermənistan" fraksiyasının rəhbəri olan Seyran Ohanyan “Qarabağ münaqişəsi bitməyib, bu səhifə bağlanmayıb” ifadələrini işlədib.

Qeyd edək ki, hazırda İrəvanda "mühacir Qarabağ hökuməti"nin yaradılması barədə də fikirlər səslənməkdədir.


Görünür, 44 günlük müharibədəki məğlubiyyətdən və Bakıda həbsdə olan separatçı liderlərinin taleyindən hələ dərs almayıblar.
Ermənistanda yenidən revanşist fikirlərin səslənməsi ilə bağlı məsələyə münasibət bildirən deputat Vüqar İsgəndərov Sitat.info-ya danışıb.

O, bildirib ki, Azərbaycan 44 günlük vətən müharibəsindəki şanlı qələbəsi və bir günlük lokal xarakterli antiterror tədbirləri ilə öz ərazisində bütün suverenliyini bərpa etdi və həm ilahi ədaləti, həm beynəlxalq hüququn prinsiplərini uğurla və şərəflə icra etdi.

Deputat əlavə edib ki, bu torpaqlarda Azərbaycan bayrağının sancılması, hərbi canilərin bir-bir tutularaq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ədalət məhkəməsində mühakimə olunmasını xalqımız çox qürurla izləyir və ölkəmizin gücünün, qüvvətinin nə qədər böyük olduğunu, onun bütün dünya tərəfindən qəbul edildiyini görür:

"Hələ də cinayət məsuliyyətinə cəlb olunmayan, əli azərbaycanlıların qanına bulaşmış terrorçular var ki, onlar indi də azadlıqdadırlar. Təbii ki, onların da növbəsi çatacaq. Biz hələ uzun illər öncə bu canilərə Azərbaycan prokurorluğu tərəfindən cinayət işləri qaldırılanda və onların gələcəkdə buna görə cavab verəcəklərini deyəndə buna inanmayanlar olub. Artıq hər bir azərbaycanlı görür ki, onların sevdikləri, vətəndaşı olduqları bu ölkənin gücü, qüdrəti artıb və Azərbaycanı bu inkişaf yolundan heç bir qüvvə döndərə bilməz".

V. İsgəndərov qeyd edib ki, keçmiş müdafiə naziri olan Ohanyan və digərləri gözlərinin qarşısında silahdaşları olmuş terrorçuların bu gün boynubükük Azərbaycan məhkəmələrində ifadələr vermələrini, öz cinayətlərini etiraf etməklərini görürlər və bilirlər ki, onlar da gec-tez eyni aqibəti yaşayacaqlar. Artıq postmüharibə dövründə sülhdən, tərəqqidən danışırıq və bunun üçün addımlar atırıq".

Ayna

Sitat.info



Xəbər xətti