"Ermənistanda heç kim, nə hökumət, nə vətəndaşlar, nə də investorlar Rusiya şirkətləri ilə işləmək istəmirlər. Ermənistan tam sürətlə Rusiyadan "qırılmaq" xətti götürüb. Ermənistanın ən böyük mobil operatorlarından olan, Rusiyanın MTC şirkətinə məxsus olan "MTC Armenia" satılıb. Daha doğrusu, bu Rusiya şirkəti bütün aksiyalarını satmaq məcburiyyətində qaldı desək, yanılmarıq. Yəni, nə Ermənistan hökuməti, nə erməni abonentlər, nə də investorların Rusiya şirkətlərinə "simpatiyaları" qalmayıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, Ermənistan 2-ci Qarabağ Savaşından məğlub çıxandan sonra Rusiyaya məxsus bu mobil operatorun Ermənistanda perspektinin olmadığı haqqında fikirlər səslənirdi: "Bir neçə dəfə satılması gündəmə gəlmişdi, Qazprom almaq istəyirdi, Ermənistan tənzimləyici qurumu "milli maraqlar" baxımından buna etiraz etmişdi. "MTC Armeniya" Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 10-cudur, bazar dəyəri təxminən 200+ milyon dollar dəyərləndirilir, təxmini 2.5 milyon abunəçisi var. Bir müddət öncə 5G lisenziyası almışdı. Bu mobil operator vaxtilə Qarabağa da gedib çıxmışdı, bir müddət orada xidmət göstərib. Xatırladıram ki, bu gün Ermənistanın tənzimləyici qurumu "MTC Armenia" mobil operatorunun bütün səhmlərinin yunan şirkəti olan Fedilco Group Limited tərəfindən alınmasını təsdiqləyib.
Tənzimləyici qurum elan edib ki, artıq bu mobil operatorun Rusiyanın məşhur MTC şirkətinə hər hansı aidiyyatı yoxdur".
O.Gündüz vurğulayıb ki, MTC şirkəti, son bir neçə ildə Özbəkistan, Ukrayna və Ermənistan bazarlarından çıxandan sonra yalnız Belarus və Rusiyaya sığınmaq məcburiyyətində qaldı: "Güman ki, satılma növbəsi, Ermənistanın bütün telekommunikasiya sektoruna sahib olan, Rusiyanın Rostelekom operatoruna məxsus GNC Alfa şirkətinin olacaq".
Məğrur Salmanov,
Sitat.info