"Böyük dövlətlər Yaxın Şərqdə hazırki gərgin vəziyyətdən çıxış yolları axtarırlar. ABŞ-ın səyləri hələ ki, nəticə vermir, Rusiya Ukrayna müharibəsi fonunda Yaxın Şərqdəki hadisələrə müdaxilə edə bilmir. Türkiyənin İsrailə qarşı sərt mövqeyi ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır".
Bu fikirləri Sitat.ıinfo-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, hazırda Çin Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirir: "Çinin resurslara ehtiyacı var. Həmin resruslar hansı bölgədə varsa, Çin orada fəal siyasət yürütməyə çalışır. Pekin üçün belə bölgələrdən biri Yaxın Şərqdir. Pekin üçün Sakit Okean bölgəsindən sonra ikinci ən vacib bölgə Yaxın Şərqdir. Yaxın Şərq ölkələri Vaşinqtondan sonra Pekinlə sıx əməkdaşlığa üstünlük verirlər. Pekin Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının əsas rəqibinə çevrilib. Halbuki, “soyuq müharibə” illərində ABŞ-ın Yaxın Şərqdəki əsas rəqibi keçmiş SSRİ idi. Rusiya Yaxın Şərqdə SSRİ-ni əvəz etmək gücündə deyil. Rusiyanın gücü sadəcə, Suriyada Bəşər Əsəd rejimini dəstəkləməyə çatır.
Çin 2013-cü ildə “bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış edib. Çin Yaxın Şərqi bu təşəbbüsün bir parçası elan edib. Çində istehsal edilən məhsulların böyük qismi Süveyş kanalı üzərindən Avropa ölkələrinə daşınır. Çin neftə olan tələbatının yarısını Yaxın Şərqdən əldə edir.
Buna baxmayaraq, Yaxın Şərq ölkələrində Pekinin siyasətindən narazılıq artıb. “Bir kəmər, bir yol” təşəbbüsünün Yaxın Şərq ölkələrindən çox Çinə fayda gətirdiyini söyləyənlər var. Digər tərəfdən Çin bu ölkələrdə reallaşdırdığı layihələrə işçi qüvvəsini yerlilərdən yox, çinlilərdən formalaşdırır. Çin bu siyasətini başqa bölgələrdə də reallaşdırıb. Misal üçün Çinin Mərkəzi Asiya ölkələrindəki layihələrinin əksəriyyətində işçi qüvvəsi çinlilərdən formalaşdırılıb. Bu amil Mərkəzi Asiya ölkələrində də narazılıqla qarşılanır, bəzi hallarda işçilər arasında toqquşmalar qeydə alınır".
Politoloq vurğuladı ki, Çin bir ara İsraillə əməkdaşlığını genişləndirməyə çalışıb: "Çin 5G sistemini İsraildə tətbiq etmək istədikdə Tel-Əviv Vaşinqtonun təzyiqi ilə pekinin təklifindən imtina etdi. Vaşinqton hesab edir ki, Pekin 5G sistemini müxtəlif ölkələrdə tətbiq etməklə ABŞ-a qarşı kəşfiyyat fəaliyyətini genişləndirməyə çalışır. İsraili və ABŞ-ı həm də o narahat edir ki, Çin İranla hərbi sahədə əməkdaşlığa maraq göstərir. Çinin İran ərazisində müxtəlif məqsədli hərbi bazalarının yaradılması imkanları Vaşintonda narahatlıqla qarşılanır. Vaşinqtonda düşünürlər ki, Pekin İranla müttəfiqliyi genişləndirməklə Əfqanıstan, Suriya və İraqda da fəallığını artırmağa çalışacaq".
E.Şahinoğlu əlavə edib ki, Vaşinqton Pekinin bu planlarının qarşısını almaq üçün Dehli ilə hərtərəfli tərəfdaşlığını genişləndirməyə qərar verib: "ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət əvvəl Hindistana səfəri bundan xəbər verir. Entoni Blinken Hindistanın baş naziri Narendra Modi ilə görüşdə qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyiblər. Bu görüş zamanı ABŞ-ın “General Electric (GE) Aerospace” şirkəti ilə Hindistanın “Aeronautics Limited” şirkəti arasında GE F-414 reaktiv mühərriklərinin Hindistanda istehsalına dair danışılqarın gedişi yüksək qiymətləndirilib".
Nərgiz,
Sitat.info