"Son həftələr bitcoin və qızıl qiymətləri tarixi maksimumlardadır. Ciddi bir ajiotaj var, bu gedişatın 4 səbəbi ola bilər: Birincisi, dünyada çox böyük iqtisadi böhran gəlir, yatırımçılar qızıla və coinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar,
İkincisi, pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı – indi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri coinlərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bundan əlavə, FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər: "İnvestorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də, öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər. Bitcionin “mining” (istehsal deyək) sayı məhduddur, indi sona gəlinir, say bitməyə doğru gedir. Yeri gəlmişkən, bitcoinin yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir. Amma, düşünürəm ki, bu yatırımçılar üçün tələdir, çünki, artıq proses başlayıb, 1 bitcoini, obrazlı desək, min yerə böyüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitcoini “stock split” edib kiçik hissələrlə satacaqlar".
İqtisadçı vurğulayıb ki, bitcoin tam spekulyativ və təklükəli aktivdir: "Bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da, amma unutmayın ki, kiçik qrup qazananda, həmişə böyük qrup insanlar uduzur. Yəni, uduzanlar olmasa qazananlar da olmur. Yəni, bundan öncə də bitcoin 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər dəyəri düşdü, dünya üzrə kiçik yatırımçılar 1 trilyon dollar pul itirdilər. Qızıl isə ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə, və ya, böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir...".
Nərgiz,
Sitat.info