Ermənistanla Gürcüstan arasında yaxınlaşma: İrəvan iqtisadi əlaqələri gücləndirməyə çalışır...

13:58 11 Aprel 2024

"Dövran dəyişib. Torpaqlarımız işğal altında olanda dost dövlətlərin təmsilçiləri “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyirdilər. İndi tərsini söyləyənlər var və “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik” ifadəsi işlədilir. Hardan hara gəldik. Əlbəttə, ərazi bütövlüyümüzü dəstəklədiklərini söyləməyə ehtiyac yoxdur, məsələni həll etmişik, ancaq Ermənistanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləmələri də anlamsızdır, çünki bu ifadə Azərbaycana qarşı yönəlib. İrəvanda Ermənistanla Gürcüstan arasında strateji tərəfdaşlığa dair konfrans keçirilib. Konfransda hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya çıxışında ölkəsinin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu yersiz ifadədir. Gürcü diplomat eyni zamanda ölkəsinin Ermənistanla Azərbaycan arasında danışıqların müsbət dinamikasına ümid etdiyini və Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərarı naminə səylərini artıra biləcəyini bildirib. Önəmli olan budur".

Bu sözləri Sitat.info-ya açıqlamasında Gürcüstanla Ermənistan arasında keçirilən konfransı şərh edən politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, konfransda Ermənistanın Gürcüstanla sərhədinin üçdə ikisinin müəyyənləşdirildiyi vurğulanıb: Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan sərhədin delimitasiyasının başa çatdırmanın vacibliyini bildirib. Erməni diplomatın bir başqa açıqlaması da diqqəti çəkib. Erməni diplomat iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı iqtisadi əlaqələrin aşağı səviyyədə olduğunu söyləyib. İrəvan bu konfransa vasitəsilə Ermənistanla Gürcüstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək istəyib. Məlum olub ki, bu ilin yanvar ayında iki ölkə arasında strateji tərəfdaşlığın imzalanmasına baxmayaraq, iqtisadi əlaqələrin vəziyyəti qənaətbəxş deyil".

E.Şahinoğlu əlavə edib ki, bu mənada Ermənistan Azərbaycanla ayaqlaşa bilməyəcək: "Azərbaycan 30 il ərzində Gürcüstana yatırımlar qoyub, boru xətlərini bu ölkədən keçirib, hazırda alternativ enerji xətti də tikilməkdədir. Ermənistan müstəqilliyini qazandıqdan bu yana Gürcüstanla əməkdaşlığı inkişaf etdirə bilməyib, çünkü bütün gücünü Azərbaycan torpaqlarının işğalına yönəltdiyindən regional layihələrdən kənarda qalıb".

Seymur,

Sitat.info

 



Xəbər xətti