Sülhməramlıların Qarabağı tərk etməsi müqabilində Kreml Bakıdan nə istəyib?

11:34 18 Aprel 2024

“Rusiya daxil olduğu məkanı tərk etmir” tezisi Azərbaycan nümunəsində ortadan qaldırıldıqdan sonra yeni tezis gündəmə gətirilib: “Rusiya hərbçilərinin Qarabağı vaxtından əvvəl tərk etməsi Bakının Kreml qarşısında hansısa şifahi öhdəliyi sayəsində mümkün olub”. Şifahi öhdəlik kimi Rusiyanın istəyi ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olacağı göstərilib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, rəsmi Bakının bu təşkilata üzv olmasının şərti bəllidir: "Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Bu saziş imzalanandan sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə oluna bilər. Ermənistan xaric, bu təşkilatdakı üzv dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və hər biri ilə sıx iqtisadi əlaqələrı mövcuddur".

Politoloq vurğuladı ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü isə mümkün deyil: "Azərbaycan hərbi bloklara qoşulmur və bu səbəbdən Qoşulmayanlar Hərəkatının üzvü olub. Bu məntiqi Kreml də qəbul edib".

Məğrur,

Sitat.info



Xəbər xətti