Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya işgüzar səfərə gedib. Bu səfər Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasından və Qazaxın 4 kəndinin qaytarılmasından sonra baş verdiyindən Kremldə nələrin müzakirə olunacağı maraq doğurur.
Mövzu ilə bağlı Sitat.info-ya iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib.
Onun sözlərinə görə, Rusiyada Qarabağdan rus sülhməramlılarının çıxarılması və Ermənistanla Rusiyasız anlaşma Kremldə mənfi reaksiya doğurub.
"İlham Əliyevin bu səfəri bu ortamı yumşaltmaq üçündür və çox doğru zamanda və doğru istiqamətdə atılmış bir addımdır. Çünki Rusiyada anti -Azərbaycan səsləri getdikcə yüksəlməyə başlayır ki, Rusiyanı Cənubi Qafqazdan qovan ölkə Azərbaycan və Türkiyədir".
Ekspert qeyd edib ki, prezidentin Rusiyaya səfəri bu iddiaları yumşaldır: "Rusiya cəmiyyətində və siyasi elitasında Azərbaycan prezidentinin bu səfəri bu alqını yumşaltmaq üçündür. Bu görüşü təvazökarlıq da adlandırmaq olar. Bundan sonra Azərbaycan prezidentinin Berlinə səfəri var və həmin səfərin daha məhsuldar keçəcəyi gözlənilir".
Xatırladaq ki, Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk edib.
Türkan,
Sitat.info