"Düşünürəm ki, son günlər cəmiyyətdə ən çox verilən suallardan biri də budur? Birincisi, yerdə qalan 4 kənd, Kərki və Qazağın 3 kəndi Azərbaycana geri qaytarılacaqmı? Qaytarılsa, bu nə vaxt baş verəcək?! İkinci sual isə əgər bu kəndlər qaytarılsa, onda biz də Başkəndi Ermənistana verməliyikmi?!".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Turab Rzayev Deyib.
Politoloq məsələyə Azərbaycanın reparasiya nöqtəsindən yanaşmağın tərəfdarıdır:
"Ermənistan Dağlıq Qarabağı işğal edib, ətrafındakı əraziləri işğal edib və bizə sülh qarşılığı olaraq Dağlıq Qarabağdan daimi imtina etməyi, Kəlbəcər və Laçını da buraya daxil etməyi şərt qoymuşdu. İndi isə biz bu müharibədə qalib gəlmişik, Ermənistan biabırçı şəkildə məğlub olub. O halda sülh niyə "müftə" olmalıdır. Ermənistan bizim öz ərazimizdə sülh üçün, bizdən Dağlıq Qarabağı, Laçın və Kəlbəcəri istəyirdisə, biz niyə Ermənistanın 29.8 min kvadrat kilometrini tanımaq üçün ən azı Başkəndi istəməyək?!".
Politoloq qeyd edib ki, Azərbaycan qalıb dövlət kimi təkcə Başkəndi tələb etməyəcək:
"Eyni zamanda Qarabağın infrastrukturuna vurulmuş milyardlarla dəyəri olan zərər, Qarabağın ekologiyasına vurulmuş zərər və daşınmış qiymətli metallar və materiallar, müharibə cinayətləri, 30 il ərzində bir milyon qaçqın və məcburi köçkünlərin yaşadığı maddi və mənəvi çətinliklər Ermənistanı müttəhim kürsüsünə əyləşdirmək üçün kifayətdir. Elə təkcə, müharibə səbəbkarı olmaq, təcavüzkarlıq özü maddi, mənəvi və ərazi təzminatı, reparasiya üçün səbəbdir.
Ancaq, məhəlli reallığı da nəzərə almaq lazımdır. Ən azından indiki siyasi və beynəlxalq konyuktura yerdə qalan 4 kəndin qaytarılması üçün uyğun deyil. Bunun üçün Ermənistan ilə siyasi, iqtisadi, vətəndaş cəmiyyəti əlaqələrinin inkişaf etməsi, və yaxud beynəlxalq geopolitik vəziyyətin şərtləri bizim xeyrimizə dəyişməsi lazımdır. Bu səbəbdən, bir müddət digər 4 kənd və Başkənd məsələsinin əsas müzakirə mövzusu olmayacağını düşünürəm".
Məğrur
Sitat.info