"Ermənistanda baş verən hadisələri analiz edərkən Paşinyanın güclü olduğunu və hazırki hadisələrin ona təsir etməyəcəyini deyirlər. Ancaq vəziyyət o qədər də sadə deyil. Kütlənin bu şəkildə hərəkətlənməsinin axırı necə olacaq, onların qarşısına ordu çıxarılacaqmı? Bu ordunun və ya polisin müxalifətin tərəfinə keçməyəcəyinə kim zəmanət verir? Bu baxımdan biz hadisələrin gedişatını izləməli və analiz etməliyik. Nəticəni proqnozlaşdırmaq çətindir, çünki vəziyyət dəyişə bilər. Hakimiyyət dəyişə də bilər, Paşinyan müxalifəti məhv edə də bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.
O bildirib ki, biz hadisələrə Azərbaycanın maraqları aspektindən baxmalıyıq: "Ancaq bizim üçün Ermənistanda kimin hakimiyyətdə olması önəmli deyil. Hər bir halda Azərbaycan öz siyasətini qətiyyətlə davam etdirəcək. Hətta Paşinyanın yerinə Qarabağ klanından da kimsə gəlsə, heç nə dəyişməyəcək. Çünki ölkənin iqtisadi- hərbi durumu ilə bağlı rəqəmləri onun qarşısına qoyacaqlar və ölkənin yeni bir müharibəyə hazır olmadığı ortaya çıxacaq. Hakimiyyət dəyişən kimi vəziyyət düzəlmir ki...".
T.Abbaslı vurğulayıb ki, rəsmi Bakı adekvat reaksiya görməsə daha sərt mövqe ortaya qoyacaq: "İndi Azərbaycan sülh danışıqları aparır. Fərqli mövbqe ilə üzləşsə, ritorikanı dəyişib güc dili ilə danışacaq".
Məğrur,
Sitat.info