Danışıqlar nə zaman Bakıda və İrəvanda baş tuta bilər?

19:45 6 May 2024

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüş əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq".

Bu sözləri politoloq Elxan Şahinoğlu Sitat.info-ya açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında iki istiqamətdə danışıqlar davam edir, bunun biri sərhədlərin müəyyənləşməsi, ikincisi sülh sazişinin mətniylə bağlıdır: " Birinci istiqamətdə aşkar irəliləyiş var, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb, kəndlər qaytarılır, dirəklər basdırılır. Bu prosesə iki ölkənin baş nazirlərinin müavinləri nəzarət edirlər. İkinci istiqamət isə Xarici İşlər Nazirliklərinin nəzarəti altındadır, aşkar irəliləyiş olmasa da, məktublaşma üzərindən birbaşa təmaslar davam edir".

E.Şahinoğlunun sözlərinə görə, önəmli olan hər iki prosesin xüsusi vasitəçi olmadan davam etdirilməsidir: " Qazaxıstan vasitəçi deyil, Astana bununla bağlı bəyanat da verib. Qazaxıstan görüş üçün məkan təklif edib. Çünki, baş nazirlərin müavinlərindən fərqli olaraq Ermənistan və Azərbaycan xarici işlər nazirləri sərhəddə görüşə bilmirlər, üçüncü ölkələrin birində görüşmələrinə ehtiyac var. Ancaq gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, gec və ya tez bu baş verəcək".

Nərgiz,

Sitat.info

 

 



Xəbər xətti