"Müxalifət olmayan parlamentlərdə inkişaf olmur, debat və diskussiya olmur" - Tural Abbaslı seçkilərdən danışdı

12:22 8 İyun 2024

Yay aylarında növbəti parlament seçkilərinin olacağı gözlənilir. Parlamentin tərkibinin necə dəyişəcəyi də əsas müzakirə mövzularından biridir. Daha da önəmlisi Milli Məclisdə müxalifət partiyalarının nə dərəcədə təmsil olunacağıdır? 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı vurğuladı ki, bu məsələ ilə bağlı konkret fikir səsləndirmək çətindir: "Çünki bu həm də iqtidarın cavablandıracağı sualdır. Parlamentin formalaşmasında onların təsir mexanizmi daha çoxdur, nəinki bizim. Amma siyasi iradə olacaqsa mümkündür, ancaq siyasi iradə olmayacaqsa çox da böyük dəyişikliklər olmayacaq".

Partiya sədri vurğulayıb ki, əgər demokratik seçki olsa tamam başqa bir səhnə ilə üzləşə bilərik: "Ümid edirəm ki, müxalifətin normal sayda təmsil olunacağı bir parlament olacaq. Çünki müxalifət olmayan parlamentlərdə inkişaf olmur, diskussiya olmur, debat olmur. Bu da birtərəfli qanunların qəbuluna gətirib çıxarır. Zaman göstərəcək, indidən nə isə demək tezdir. Biz hər bir halda müxalifətin təmsilçiliyinin çox olmasını istərdik".

Nərgiz,

Sitat.info



Xəbər xətti