"Bəzi millət vəkilləri Parlamentdə, biz isə mediada, TV kanallarda dəfələrlə müharibə veteranlarına ödənişlərlə bağlı məsələ qaldırmışıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birbaşa cavab vermir, öz orbitində olan şəxslər vasitəsi ilə bu məsələnin həllini uzatmaqla məşğuldur.
Burada Parlamentin öz, Nazirliyin ayrı günahı var – ölkə büdcəsini Parlament qəbul edir, deputatlar şikayət etməkdənsə qərar versinlər, büdcəyə əlavə və düzəliş təklif edib nazirlik qarşısında məsələnin həlli üçün öhdəlik qoysunlar, bu iş həllini tapsın. Nazirliyin qüsuru isə odur ki, büdcə təklifləri hazırlanarkən, əgər veteranlarla bağlı məsələni həll etmək istəyirdilərsə, öz aparat işçilərinin maaş və mükafatlarının artırılması təklifi ilə yanaşı veteranlara ödənişləri artırmaq təşəbbüsünü də yazıb Nazirlər Kabinetinə, oradan da Milli Məclisə göndərə bilərdilər. Yəni, hər iki tərəf sol qulağı sağ əllə qaşımaqla məşğuldur, veteranların problemi isə həll olunmur".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, söhbət isə çox kiçik məbləğdən gedir, belə kiçik məbləğ üçün torpaqlarımızı düşməndən azad edən, ərazi bütövlüyümüzü bərpa edən şəxslərın gözləntiləri cavabsız qalmamalıdır: "Azərbaycanda 180.476 veteran statusu almış şəxs var, onlara ayda 80 manat olmaqla il ərzində ümumən 173 mln. 257 min manat vəsait ödənilir. Bu məbləği rahat iki dəfə artırmaq olar, bunun üçün büdcədən ilə cəmi indiki 173,2 mln. manat əvəzinə 346,4 mln. manat ayrırmaq lazım gələcək".
İqtisadçı bildirib ki, bu məsələnin uzadılması yersizdir: "Bu nə böyük puldur ki, belə həssas və vacib məsələni Parlament və Nazirlər Kabineti “ərəb saçına” döndərib, uzadırlar, həll etmirlər, 180 min müharibə iştirakçısının, onların ailə üzvlərinin hissləri ilə oynayırlar – olmaz belə, veterana 160 manat da azdır, amma heç olmasa kommunal və nəqliyyat xərclərini ödəyə bilərlər ki, bu da bizim, büdcəni formalaşdıran xalqın onlara kiçicik də olsa vəfa borcumuzu ödəmiş olar..."
Məğrur,
Sitat.info