NATO-nun baş katibi Yens Stoltenberq Çinlə bağlı sərt danışıb. O bildirib ki, Çin öz siyasətini dəyişməzsə, Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsinin nəticələri ilə üzləşməlidir.
Həftəsonu İsveçrədə keçirilən sülh sammitində iştirak edən bir çox ölkə Ukraynaya dəstək vəd edib, dəvət edilməyən Rusiya isə sammiti “vaxt itkisi” kimi qiymətləndirib. Kremldən verilən açıqlamada Rusiyanın sülh danışıqlarına yalnız Ukraynanın təslim olması halında başlayacağı vurğulanıb.
NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin Çinin Rusiyaya dəstəyi ilə bağlı nə edə biləcəyi sualına belə cavab verib: “Mümkün sanksiyalarla bağlı danışıqlar davam edir”.
Çinin Rusiya ilə bir çox sahədə texnologiyalarını paylaşdığını və Rusiyanın bu sayədə istehsal etdiyi raket və silahları Ukraynaya qarşı istifadə etdiyini vurğulayan Stoltenberq əlavə edib ki, Çin davranışını dəyişməzsə, ona iqtisadi olaraq bunun bədəlini ödətməyi düşünməliyik”.
Rusiyaya verdiyi dəstəyə görə Çinə qarşı sanksiyalar tətbiq edən ölkələr də var. Ötən ay ABŞ Çin və Honq Konqda yerləşən 20-yə yaxın şirkətə sanksiya tətbiq edəcəyini açıqlamışdı.
Çin isə Rusiyaya hücum xarakterli silahları satmadığını iddia edir.
NATO-nun baş katibi Yens Stoltenberqin Vaşinqtona səfəri Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərinin təsdiqləndiyi bir vaxta təsadüf edib. BBC-yə danışan Stoltenberq deyib ki, Putin getdikcə avtoritar liderlərlə birləşir”. O, Kremlin İran, Çin və Şimali Koreya ilə münasibətlərini yaxşılaşdırdığına diqqət çəkib.
Nərgiz,
Sitat.info