Turizmdə məntiqə sığmayan durum: Tələbat azalıb, qiymətlər isə artıb...

13:56 15 İyul 2024

"Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib, bu keçən ilin eyni dövrü ilə müqaisədə 26,4%, 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub, bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%,  5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % bahalaşma deməkdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki,  ölkə ərazisində 3-4-5 ulduzlu otellər 1 ildə, ortalama, 30% bahalaşıb: "Hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, turizm sahəsində çalışanların maaşları artmayıb. Yaxşı, nə baş verib ki, otellər 30% bahalaşıblar?! Ən qəribəsi isə bilirsiniz nədir?! Qiymətlər kəskin artıb, amma rəsmi rəqəmlərə görə otellərin doluluq səviyyəsi pis gündədir".

N.Cəfərli vurğulayıb ki, bahalaşma getdiyi üçün tələbat azalıb: "Bu ilin 1-ci rübündə (2-ci rüb məlumatları yoxdur hələ) Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82%-i boş qalıb! Doluluq səviyyəsi ölkə üzrə cəmi 18 faiz olub. Əgər bu rəqəmlər doğrudursa, o zaman məmləkətdə məntiq yenə “ölüb” – otellərə gələn yoxdur, amma onlar qiyməti, ortalama, 30% qaldırıblar, məntiqlə tam tərsinə olmalı, qiymətləri salmalıdırlar ki, adamlar daha çox gəlsinlər. Yox əgər bu rəsmi rəqəmlər yanlışdırsa, otellər vətəndaşları qonaqlayır, amma rəsmiləşdirmirlərsə, o zaman nəzarətçi hökumət qurumları hara baxır, niyə göz yumurlar, nəyin müqabilində görməzdən gəlirlər?!".

Nərgiz,

Sitat.info



Xəbər xətti