"Donald Trampın Ağ Evə qayıdışına hazırlıq başlayıb. Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Robert Obrayen bildirib ki, şefi prezident seçiləndən sonra nüvə sınaqlarına start veriləcək. O bunu Amerika Birləşmiş Ştatlarının Rusiya və Çinlə mübarizəsiylə əlaqələndirib. Keçmiş köməkçinin sözlərinə görə, Rusiya və Çin nüvə arsenalını modernləşdirdiklərinə görə, ABŞ bu prosesdə geri qala bilməz".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ABŞ 1992-ci ildən bu yana nüvə sınağı keçirməyib: " Belə çıxır ki, Donald Tramp prezident seçilən kimi bu fasiləyə son qoyulacaq. Robert Obrayen “Foreign Affairs” nəşrində yayımldığı məqalədə nüvə sınaqlarının bilgisayarlarda sınaqlarına son qoyulması və əsl sınaqların vaxtının çatdığını vurğulayıb. Keçmiş köməkçi Trampın nüvə sınaqlarına gərəkən maliyyəni ayıracağını da sözlərinə əlavə edib".
Politoloq Trapmın Çinlə iqtisadi mübarizəni də davam etdirəcəyini açıqlayıb: "Bundan başqa “Bloomberg” agentliyinin xəbərinə görə, Donald Tramp Çin mallarına əlavə gömrük rüsumlarının tətbiqinə də hazırlaşır. ABŞ-ın hazırki prezidenti Cozef Bayden Çin istehsalı olan elektrik avtomobillərinə gömrük rüsumlarını qaldırıb. Tramp prezident seçilərsə rüsumları daha da artıracaq. Tramp administrasiyasının Tayvana da dəstəyi artıracağı barədə xəbərlər yayılıb. Trampın Ağ Evə gələcəyi halda NATO-dakı müttəfiqlərindən də ənənəvi tələbi olacaq: Müdafiə xərclərini artırın!"
Nərgiz,
Sitat.info