Natiq Cəfərlidən inflyasiya ilə bağlı TƏKLİF: "Hökumətin buna gedəcəyini düşünmürəm"

13:00 2 Avqust 2024

"Azərbaycanda inflyasiya ilə mübarizə tədbirləri artıq sadə və tez effekt verən addımlardan ibarət deyil. Biz çox zaman itirmişik. İqtisadi nəzəriyyəyə görə, inflyasiyanın qarşısını kəsən əsas amil mal, məhsul və xidmət bolluğu, yəni istehsalın artmasıdır. İstər kənd təsərrüfatında, istər ərzaq və qeyri-ərzaq sənayesində istehsal artır, bolluq yaranır, bazarda da rəqabətli mühit şəraitində qiymətlər aşağı düşür. Bu klassik iqtisadi nəzəriyyəyə uyğun yanaşmadır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanda idxaldan asılılıq o qədər yüksək səviyyədədir ki, inflyasiya ilə bağlı hansısa bir qısa müddətli effekt verə biləcək addımlar, imkanlar tükənib: "Çünki zamanında biz doğru qərarlar almamışıq. İstehsalın artımı, bolluğun yaranması ilə bağlı doğru qərarlar verilməyib.

Mərkəzin Bankın siyasəti ilə, uçot dərəcəsini artırmaqla və yaxud azaltmaqla iqtisadiyyata təsir mexanizmləri məhduddur. İnflyasiya olanda məntiqlə uçot dərəcəsi artırılmalıdır. Uçot dərəcəsi artırılanda iqtisadi aktivlik daha da aşağı düşür. Zatən, Azərbaycanda iqtisadi aktivlik aşağıdır,istehsalla bağlı projelər çox azdır. Uçot dərəcəsini aşağı salırsan,  kreditləşmə artır, kreditləşmə artanda  inflyasiyaya yeni basqılar yaranır. Yəni, Mərkəzi Bankın görə biləcəyi işlər  kifayət qədər məhduddur".

N.Cəfərli əlavə edib ki, qısamüddətli həll yolu olmasa da, heç olmasa orta və uzun vadəli yola başlamalıyıq: " Ölkədə istehsalın stimullaşdırılması, istehsal sahələrinin artırılması, kənd təsərrüfatının məhsuldarlığının yüksəldilməsi, aqrar sektorda yeni innovativ yanaşmaların tətbiqi, aqrar sektorun uzunmüddətli və aşağı faizli kreditləşməsi - bu addımlar atılmalıdır ki, inflyasiya ilə mübarizədə müəyyən nəticə əldə etmək  mümkün olsun". 

İqtisadçı asan və qısamüddətli yol da təklif edib: "Biz bunu iki il bundan öncə də təklif etmişik, əlavə dəyər vergisinin (ƏDV) 18 faizdən 2 faizə salınması... Bu addım  inflyasiyanı kifayət qədər aşağı çəkə bilər, hətta deflyasiya yarada bilər. Yəni qiymətlərin azalmasına da səbəb ola bilər. Amma hökumət  bu addımı atmaq istəmir. Çünki büdcədə problemlər var. Düşünürlər ki, əlavə dəyər vergisini kəskin azaltsalar, o zaman büdcənin doldurulmasında problem yaşanır. Zatən neftin  hasilatının aşağı düşməsi ilə əlaqəli daha çox problem yaşana bilər. Amma dediyim kimi, qısamüddətli yeganə həll yolu vergi və rüsumların aşağı salınmasıdır.  Təəssüf ki, hökumətin buna gedəcəyini düşünmürəm".

Nigar,

Sitat.info

 



Xəbər xətti