Devalvasiya gözləntiləri artır: Dollara tələbin yüksəlməsinin SƏBƏBİ nədir?

13:26 5 Avqust 2024

"Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb, valyuta satışı iyun ayı ilə müqayisədə iyulda 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Devalvasiya ilə bağlı gözləntilər artıqca, valyutaya təlabat da yüksələcək – bu qaçılmazdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, tədris ilinə başlamaq ərəfəsində olduğumuz üçün valyutaya tələbin artmasında obyektiv səbəb də var: "İyul-avqust aylarında həmişə valyutaya təlabat artır, çünki, ölkədə yeni təhsil ilinə hazırlıq başlayır. Məmləkətdə ümumi təhsil müəssisələrində 1 milyon 700 minə yaxın şagird təhsil alır, 232 minə yaxın tələbə, 151 min nəfər də müəllim var.

İki borudan asılı olan primitiv Azərbaycan iqtisadiyyatında istehsal yox dərəcəsindədir, adi qələm, pozan, çanta – bir sözlə məktəb ləvazimatının 90-95%-i xaricdən gətirilir. Hələ bunun geyimi də var, corab belə istehsal edə bilməyən ölkəmiz şagird-tələbə-müəllimlərin geyiminə də valyuta xərcləyib idxal edir".

N.Cəfərli vurğuladı ki, Azərbaycanın indi 1 nömrəli problemi iqtisadiyyatdır: "Məsələ odur ki, iradəetmə sistemində köklü islahatlar olmasa, iqtisadi-sosial sahədə atılan addımlar effekt vermir, verə də bilməz...". 

Seymur,

Sitat.info

 



Xəbər xətti