"Dünya mediası yazır ki, İsmayıl Haniyənin öldürülməsi məsələsinə görə İranda 20 nəfər ölkə vətəndaşı həbs edilib. Xəbərlərdə deyilir ki, ABŞ İranı sakitləşdirmək üçün İsrailə çalışan həmin şəxslərin adını, ünvanını özü Tehrana bildirib.
Dünən “Reuters” agentliyi maraqlı məlumat dərc edib – xəbərə görə Putin Şoyqunu İrana ona görə göndərib ki, İranı İsrailə qarşı hər hansı əməllərdən çəkindirsin. Çox böyük ehtimal, Putindən bunu ABŞ xahiş edib. Görünən odur ki, pərdəarxası ciddi danışıqlar gedir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, əslində İranı sakitləşdirmək Rusiyanın maraqlarına cavab vermir: "Məntiqlə Putinə Orta Şərqin qan çanağına dönməsi çox sərf edir, yeni böyük müharibə Ukrayna məsələsini tam gündəmdən çıxaracaq, bu da Putinə öz şər, işğal əməllərini Ukraynada daha rahat həyata keçirməyə imkan verəcək, ABŞ-ın Ukraynaya, zatən “damcı-damcı” verdiyi hərbi yardımı xeyli azaldacaq. Amma yox, Demokratlara dəstək lazımdır, bu daha vacib məsələdir deyə, İrana vəziyyəti kəskinləşdirməməklə bağlı basqı edir".
N.Cəfərli bildirib ki, Tramp əleyhinə koalisiyada bir çox dövlətlər əlbir olub: "Çin rəsmilərinin Bayden və Demokratlarla içi-içə olan əlaqələri ilə bağlı yüzlərlə məlumatlar var, bundan başqa Tramp və komandasının Respublikaçıların son yığıncağında Çini əsas və təhlükəli düşmən, rəqib elan etmələri, rəsmi Pekini ciddi narahat edib və Demokratlarla daha yaxşı “dil tapmağın” mümkünlüyü fikrini təsdiqləyib.
Bir sözlə, üzdə-sözdə “dava-dava” oynayanların vahid məqsəd uğrunda birləşdiyi görünür - əsas hədəfləri ABŞ-da Respublikaçılar Partiyasını hakimiyyətə buraxmamaqdır. Putinin zindanda olan bir neçə ABŞ vətəndaşının Demokratlara “hədiyyə” edərək onların xal qazanmasına yardımçı olması da ayrıca bir ştrix, qlobal anti-Tramp koalisiyanın növbəti addımı idi...".
Nigar,
Sİtat.info