Cənubi Qafqazda Suriya modeli - Aqşin Kərimovun ŞƏRHİ

19:28 7 Avqust 2024

 Rusiya-Ukrayna müharibəsinin rəngi Ukraynanın Kurska hücumu ilə dəyişir. Bu, NATO-nun Ukraynaya hərbi əməliyyatların planlaması və diversiya üçün təlimatlarının uğurlu başlanğıcını göstərə bilər. Amma nəticədə Ukrayna öz ərazilərində yaradılmış Rusiya nəzarət zolağının sərhədlərini qıra bilməkdə çətinlik çəkir.

Proses:

- Rusiyanın Ukraynaya qarşı əməliyyatlarda nüvə ritorikasının şiddətlənməsinə,

- Kremlin Ukraynaya silah çatdıran təchizat zəncirlərini qırmaq səylərinin praktiki şəkildə təzahürünə gətirib çıxara bilər.

2. Qlobal münaqişələrin Yaxın Şərq cinahında genişlənən təhlükəsizlik boşluqları fonunda Ermənistan sürətli bir şəkildə özünü Cənubi Qafqazın “Suriyasına” çevirir.

Ermənistan əks qütblərin qoşunlarının üz-üzə dayandığı ölkə qismi statusuna sahiblənir.

Gümrüdəki Rusiyanın hərbi bazasının mövcudluğu fonunda Ermənistana yerləşdirilmiş Avropa İttifaqı missiyası, bu yaxınlarda isə ABŞ hərbçilərinin Ermənistana gəlişi xəbərləri həmin tendensiyanı sürətləndirir. Bu onu göstərir ki:

- Ermənistan diplomatiyası və strategiyası ağıllı gediş etdiyini düşünsə də, ölkənin təhlükəsizlik problemləri yöndəmsiz şəkildə təhlükələrə sürüklənir,

- Ermənistan barədə qərarlar İrəvanın iradəsindən kənarda verilir ki, bu da regional problemlərin həllində mürəkkəb tənliklər yaradır,

- Ermənistan artıq güc qarşıdurmasını özünü oyunçuların birgə patrul nəzarəti altına salmaqla regional təhlükəsizliyi risk altına atır,

- Ermənistan həqiqətən də ABŞ hərbçilərinin öz ölkəsinə ayaq basmasına icazə veribsə, bu, onun Azərbaycanla yanaşı, İran və Türkiyə ilə münasibətlərində kəskin qarşıdurma xətləri yaradacaq (İran mövzusu daha mürəkkəbdir).

3. Göründüyü qədər, Yaxın Şərq cəbhəsinin alovlanması Ukraynadakı münaqişədən tutmuş Cənubi Qafqazdakı problemli məsələlərə qədər genişlənən təhlükəsizlik problemləri ərsəyə gətirir. Münaqişə çatlarının qarşısı alınmasa, proses Mərkəzi Asiya regionuna da sıçramaq potensiallarına malikdir.

4. Azərbaycanla Türkiyənin təcili strateji məsləhətləşmələrə ehtiyacı yaranıb, çünki Bakının çoxkombinasiyalı regional həmlələr zamanı tək olmadığı bir daha nümayiş olunmalıdır. Əgər Ermənistan “Suriya modeli”ni öz taleyi kimi müəyyən edirsə, onda elə Suriyada aktiv rol alan Türkiyənin təcrübəsi Azərbaycanla birlikdə İrəvana tətbiq edilməlidir.

5. Azərbaycan Ermənistanın sülh gündəliyindən yayınması üçün vasitələr və kanallar tapmasına cavab olaraq hərbi güc tətbiqi ssenarilərini işləyib hazırlayır. Bu, Azərbaycanın özünə qarşı yarana biləcək təhdidləri önləmək qabiliyyətinə əsaslanır.

BELƏLİKLƏ:

- Ermənistan dövlətinin süqutu üçün zəmin hazırlanır, çünki o, ABŞ, Rusiya, Fransa Hindistan və Çin arasındakı rəqabətin və ya sövdələşmələrin dişləri arasında sıxılır, üstəlik Azərbaycan, İran və Türkiyə ilə daha böyük problemli mərhələyə yaxınlaşdığını göstərir,

- Rusiyanın Ermənistanın addımlarını cavabsız qoyacağı düşünülmür, amma indiki geosiyasi şərait Kremlin əleyhinə işlədiyindən, o, İrəvanla bağlı planlarını təxirə salmaq məcburiyyətindədir,

- Azərbaycan və Türkiyənin tezliklə regional və beynəlxalq münaqişələrə müştərək baxışla bağlı müzakirələr aparacağı istisna olunmur. Bu, əsasən, taleyi qaranlıqlaşan Ermənistan üzərindən qurulan ssenarilərə cavab kimi məsələləri əhatə edəcək...

Aqşin Kərimov,

Siyasi təhlilçi



Xəbər xətti