“Azərbaycanın elm tarixi salnaməsində 1945-ci ildə yaradılmış Elmlər Akademiyası mühüm yer tutur. Elmlər Akademiyası həmin dövrdəki elmi elitanı birləşdirərək, Azərbaycan elminin mərkəzinə çevrildi. Akademiya tarixən formalaşmış elmi ənənələri davam etdirməklə bərabər, prioritet elmi istiqamətləri də inkişaf etdirdi”.
Bunu APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib.
. Şükürov deyib ki, Azərbaycan Elmlər Akademiyasının inkişafında, yeni elmi çağırışlara vaxtında cavab verməsində və elmi tədqiqatların yüksək səviyyədə təşkilində akademiya prezidentlərinin xüsusi rolu olub: “Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983) və digərləri Azərbaycan elm tarixində özünəməxsus iz qoyub. Akademiyanın İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyəti yaxınlığında Yusif Məmmədəliyevə qoyulan heykəl elmə sədaqətlə xidmətin simvolu kimi hörmətlə yad edilir. Ramiz Mehdiyevin 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoydu. Ölkə rəhbərliyinin etimadı və dövlət idarə sistemində müəyyən təcrübəyə malik olan Ramiz Mehdiyev bu vəzifəyə gələndə belə təsəvvür var idi ki, o, bu təcrübədən istifadə edərək Azərbaycan elminin təşkili və yeni nailiyyətlər əldə edilməsinə mühüm töhfələr verəcək. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edildi. Akademiya elmin müasir inkişaf tendensiyalarına uyğun olaraq, yenidən təşkilatlanmadı, əksinə bürokratikləşdirilməyə başlandı. Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi. Elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişaf etdirilməsində xüsusi rolu olan mövcud koordinasiya şuraları parçalandı, az sonra bu dəfə hədsiz dərəcədə mərkəzləşdirildi. Əsas elmi tədqiqat mərkəzləri olan elmi tədqiqat institutlarının strukturunun yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsi əvəzinə, burada da kosmetik dəyişikliklər həyata keçirildi. Baş direktor və icraçı direktor vəzifələri təsis edildi ki, bunlar da işin keyfiyyətinə ciddi təsir edə bilmədi. Bu cür mənasız eksperimentlər digər sahələrdə də davam etdirildi”.