Qərb lazım gələndə İsraili qurban verəcək: Yəhudilərin taleyi sual altında...

12:34 30 Sentyabr 2024

İsrailin sabiq baş naziri Ehud Barak demişdi ki, İsrail Livanı istila edənədək Hizbullah yox idi, Hizbullahı İsrail işğalı yaratdı. Birbaşa və ya dolayısı ilə HƏMAS-ı da İsrail yaradıb. Niyə? Ona görə ki, İsrail Qərbin Yaxın Şərqdəki layihəsidir. Neft ölkələrini nəzarətdə saxlamaq üzrə layihədir. Əsrlərlə xristian dünyası yəhudilərin başına min cür oyun açıb. Birdən-birə nədən onları sevsin ki ? Pula görə, neftə görə".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı, hüquqşünas Əkrəm Həsənov  deyib. 

O bildirib ki, İsraildəki guya yəhudi əhalisinin əksəriyyəti heç yəhudi də deyil: "Əslində fələstinlilərin xeyli hissəsi İslamı qəbul etmiş yəhudilərdir. Layihənin icraçıları oradan-buradan “yəhudi” adı ilə İsrailə köç etmişlərdir. Amma son nəticədə Qərbin oyuncağı olaraq yazıq olan elə yəhudilərdir. Hazırda İsrail sifariş yerinə yetirərək nəyin bahasına olursa olsun,  ABŞ-da Trampın seçilməsi üçün qlobal müharibəyə təkanverici qüvvə rolunu oynayır. Ona görə də gah özünün törətdiyi HƏMAS-a və Hizbullaha qan uddurur, gah da Fransadan gələn Xomeyninin İranda qurduğu rejimə sataşır".

Ə.Həsənov hesab edir ki, məqsəd digər müsəlman ölkələrində də vəziyyəti qarışdırmaqdır: "Amma onlar soyuqqanlılıq nümayiş etdirir. Dünya dəyişib, heç kəs başqasının oyununda “peşka” olmaq istəmir. Hamı başa düşür ki, Qərb əvvəlki qədər qüdrətli deyil, ABŞ-ın özündə vəziyyət gərgindir, seçkidən sonra çox şey dəyişə bilər. Ara yerdə İsrail hamının gözündə bədnam olur. Terrorçuluqda terror təşkilatlarından daha qəddardır və bunun bədəli çox ağır olacaq. Pis olan odur ki, dünyada İsraillə yəhudilər arasında bərabərlik nişanı qoyulur".

Hüquqşünas vurğuladı ki,  Fələstin dövləti mütləq yaradılacaq, amma İsrailin gələcəyi ciddi sual altındadır: "Qərbə lazım olanda (və ya zəifləyəndə) İsrail qurban veriləcək. Günahsız yəhudilərdən qisas almaq istəyənlərin sayı isə durmadan artır. Hizbullaha gəldikdə isə Ziya Bünyadovun qatillərinin kim olduğu yaxşı yadımızdadır... Bununla belə, əlbəttə ki, hüquqi cəhətdən İsrail Livanı hazırda işğal edir və bunun başqa adı yoxdur. Əlbəttə, Azərbaycan kiçik dövlət olaraq Türkiyə kimi hər şeyi öz adı ilə adlandıra bilməz. Amma hüquqi dövlət quran xalq olaraq hər şeyi öz adı ilə adlandırmağı bacarmalıyıq - İsrail işğalçı və terrorçu dövlətdir".

Nigar,

Sitat.info



Xəbər xətti