Zelenski onun ölümünə görə dünyanı ayağa qaldırdı - Qəhrəman jurnalist kimdir?

16:30 5 May 2022

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya hücumundan sonra peşəsini tərk edərək orduya gedən jurnalist Aleksandr Maxovun həlak olduğunu açıqlayıb. Zelenski, “qəhrəman” elan etdiyi jurnalistin “hər zaman ən cəsurlar arasında birinci yerdə olduğunu” vurğulayıb. 

Zelenski 36 yaşlı ukraynalı jurnalist Aleksandr Maxovun bu gün səhər tezdən həyatını itirdiyini açıqlayıb: "Bu gün söhbətimə bir hekayə ilə başlayacağam. Söhbət tanınmış jurnalist Aleksandr Maxovdan gedir. Əminəm ki, Ukrayna telekanallarında onun haqqında xəbərləri görmüsünüz. O, vətənpərvər, səmimi və həmişə təkəbbürdən uzaq idi. O, həmişə ən cəsurlar sırasında olub. Rusiya bu ölümün məsuliyyətini öz üzərinə götürəcək və əvəzini ödəyəcək. Biz bunu edəcəyik. Ukrayna müharibədə zəfər qazanacaq”. 

Rusiya ilə müharibə başlayanda könüllü olaraq hərbi xidmətə getməzdən əvvəl Maxov Ukrayna televiziyasının canlı yayım müxbiri olub. Müharibənin başlaması ilə o, jurnalistikanı atıb, orduya gedib. 

 Maxovun karyerasına fasilə verib vətəni uğrunda döyüşməsi ilk dəfə deyildi.  2015-ci ildə Donbas bölgəsində rus separatçıları ilə toqquşmalarda iştirak edib. Mövcud münaqişə başlamazdan bir müddət əvvəl “Coffee or Die Magazine” jurnalına danışan Marxov deyib: “Mən hiss etdim ki, bir jurnalist kimi gördüklərim kifayət deyil və bir əsgər kimi düşmənlə döyüşmək istəyirdim. Qarşı tərəfin səni öldürə biləcəyini bilirsən amma, həm də hiss edirsən ki, sən hədəf deyilsən. Digər tərəfdən bir əsgər kimi bilirsən ki,düşmən səni öldürmək istəyir.Onlar səni öldürməyə çalışırlar.Yenidən döyüşə getməyə hazıram”. deyib.

Ölümü Ukraynanı dəhşətə salan Maxovun 2 aydan artıqdır davam edən müharibədə həyatını itirən 8-ci jurnalist olduğu öyrənilib. 

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti