ABŞ Şərqi Avropada müharibəni bitirmək üçün niyə tələsir? – Səbəblər

15:40 10 Mart 2025

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna dərhal danışıqlar masasına əyləşməlidir. O, bu barədə “Truth Social” hesabında yazıb.
"Rusiya və Ukraynaya müraciət edirəm, çox gec olmamış, dərhal danışıqlar masasına əyləşin", - ABŞ Prezidenti vurğulayıb.
O, atəşkəs və sülhlə bağlı yekun razılıq əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini də qeyd edib.
Görünən odur ki, Tramp müharibəni bitirməkdə israrlıdır. O, bunun üçün hər iki ölkədən olan həmkarı ilə təmasları davam etdirir. 


Tramp müharibəni bitirmək üçün niyə tələsir? Bunun fərqli səbəbləri ola bilər. Birincisi, hazırda ABŞ üçün prioritet Yaxn Şərq regiounudur. Ona görə də Şərqi Avropada sabitliyi təmin edib bütün diqqətini Yaxın Şərqə yönəltmək istəyir. 
İkincisi, ABŞ başa düşür ki, müharibə bitəndən sonra Ukraynada yenidənqurma mərhələsi başlanacaq. Rəsmi Vaşinqton bunun üçün səbrsizlənir. Belə ki, böyük ehtimalla ABŞ Ukraynaya investisiya qoymaq niyyətindədir. 
Üçüncüsü, ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq və beləliklə yəqin ki, həm müəyyən mənada iqtisadi əməkdaşlığa rəvac vermək niyyətindədir. Eyni zamanda ABŞ Rusiya ilə “dost” olmaqla rəsmi Moskvanı Tehran və Pekindən ayırmaq niyyətindədir. Bunun üçün isə müharibənin bitməsi şərtdir.
ABŞ savaşın başa çatması üçün bütün mümkün imkanlardan istifadə edir. Vaşinqton hazırda Kiyevə “yola gətirmək”dən ötrü diplomatik potensialını ortaya qoyur. Amma bunlar nəticə verməsə, ABŞ Ukraynanı qurban verməkdən də çəkinməyəcək. 
Əgər Ukrayna ən qısa zamanda ABŞ-nin şərtləri ilə Rusiya ilə danışıqlar masasına oturmağa razılıq verməsə, onda Vaşinqton Kiyevə təzyiqi daha da artıracaq. Ukrayna Prezidenti Volodimir Zelenski kapitulyasiya aktının qaçılmaz olduğunu anlasa, istefaya gedə bilər.

Siyasi  şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün...



Xəbər xətti