Milli Məclisdə sərhədyanı kəndlərdə elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklif edilib.
Sitat.info xəbər verir ki, təklif parlamentin bu gün keçirilən plenar iclasında İnsa hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən səsləndirilib.
O, bunun əhalinin paytaxta axının qarşısı almağa, kəndlərə böyük qayıdışı təmin etməyə kömək edəcəyini bildirib:
"Bakının 2040-cı il Baş planında demoqrafik vəziyyətlə bağlı göstərilir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3.17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə, həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46%-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min - 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.
2023-cü ildə ölkə əhalisi 3.9 milyard kubmetr, Bakının əhalisi isə 1.4 milyard kubmetr qaz istehlak edilib. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36%-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6.6 milyard kv/saat, Bakı əhalisi isə 2.8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42%-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq".
Komitə sədri qeyd edib ki, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan sərmayələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
Zahid Oruc, həmçinin bildirib ki, ipoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır.
"2005-ci ildə neft gəlirlərin artdığı bir dövrdə Azərbaycan İpoteka Fondunun yaradılması mühüm hadisə oldu. Ötən 20 ildə 54 mindən çox ailə dövlətin yardımı ilə mənzilə sahib olub. Həmin siyasətin maliyyə tutumu 3,5 milyard manat təşkil edir. Təkcə ötən il kredit alanların 3 000 nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri Daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər - 1 800-dən bir qədər çox və 1 754 müəllim tutur. Lakin Fondun verdiyi kreditlərin coğrafiyası dərc olunsaydı görərdik ki, onların 90 %-i Bakı və Abşeron yarımadasının payına düşür. Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var. Rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün ipoteka siyasətini dəyişmək və paytaxtdan bölgələrə yönəltmək olar", - deyə o qeyd edib.