“Rusiya Prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, o, Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil. Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar. Bu limanlardan gəmilər çıxarsa Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaq”.
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə səhifəsində dünyada yaşanan taxıl böhranını şərh edərkən deyib.
Onun sözlərinə görə, Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Ukrayna öz taxılını Belarus üzərindən ixrac etsin:
“Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhələrinə, o cümlədən Odessaya hücuma keçə bilər.
Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib. Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqları nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq. Məqsəd Ukraynanın ixrac üçün nəzərdə tutulan 20 milyon ton taxılının dünya bazarlarına çatdırılmasıdır”.
Politoloqun sözlərinə görə, beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək Hindistanın da taxıl ixracatına başlamasını xahiş ediblər:
“Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Misir taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanən ən böyük taxıl alıcılarındandır. Misir hər il müxtəlif ölkələrdən 11-13 milyon ton taxıl idxal edir. Əsas partnyorları Rusiya, Ukrayna və Hindistandır. Birinci ikisiylə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir.
Dehli taxıl ixracıyla bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracatını quraqlıqla əlaqələndirib. Dehli 1 milyon 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı”.