İnkişaf etməkdə olan iqtisadiyyatları bir araya gətirən BRICS blokunun Hindistanın paytaxtı Yeni Delhi şəhərində keçirilən iki günlük xarici işlər nazirləri toplantısı ABŞ və İsrailin İrana qarşı əməliyyatları ilə bağlı dərin fikir ayrılıqları səbəbindən böhranla yekunlaşıb.
Hindistanın 2026-cı il üzrə sədrliyi çərçivəsində təşkil olunan ilk böyük nazirlər toplantısı üzv ölkələrin regiondakı müharibə ilə bağlı ortaq mövqe tapa bilməməsi səbəbindən son iki ay ərzində razılaşma əldə olunmadan başa çatan ikinci BRICS zirvəsi olub. Yayılan yekun sənəddə tərəflər arasında məsələ ilə bağlı yalnız “fərqli baxışların” mövcud olduğu qeyd edilib.
İran və BƏƏ arasında gərginlik
Zirvədə əsas qarşıdurma təşkilata yeni tamhüquqlu üzv kimi qoşulan İran və Birləşmiş Ərəb Əmirlikləri arasında yaşanıb. İranın xarici işlər naziri Abbas Arakçi BƏƏ-ni hava məkanını və ölkədə yerləşən ABŞ hərbi bazalarını İrana qarşı hücumlar üçün açmaqda ittiham edib. O, Əbu-Dabi rəhbərliyini açıq şəkildə “təcavüzün ortağı” adlandırıb.
BƏƏ nümayəndəsi Halife bin Şahin El Marar isə bu ittihamları rədd edib. O bildirib ki, fevral ayının sonundan etibarən ölkənin enerji infrastrukturlarını hədəf alan minlərlə İran pilotsuz uçuş aparatı və raketi zərərsizləşdirilib. BƏƏ tərəfi BRICS-in İranı qınamasını tələb edib.
Tərəflərin geri addım atmaması nəticəsində İranın ABŞ və İsraili qınayan bəyanatın qəbul etdirilməsi cəhdi ilə BƏƏ-nin İran hücumlarının yekun sənədə salınması təşəbbüsü qarşılıqlı şəkildə bloklanıb.
Hindistan kompromis çağırışı etdi
Ev sahibi ölkənin xarici işlər naziri Subrahmanyam Jaishankar tərəfləri BRICS-in ənənəvi konsensus mədəniyyətinə hörmət etməyə çağırıb. O, xüsusilə Hörmüz boğazı kimi beynəlxalq sularda ticarət təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.
Qlobal enerji qiymətlərinin yüksəlməsinə və logistika marşrutlarının pozulmasına səbəb olan müharibə ilə bağlı ortaq bəyanat qəbul edə bilməyən BRICS ölkələri buna baxmayaraq enerji əməkdaşlığı, ticarət, rəqəmsal infrastruktur və iqlim fəaliyyəti kimi siyasi risk daşımayan 60-dan çox texniki məsələ üzrə razılıq əldə ediblər.
Aytac,
Sitat.info