ABŞ-ın İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar tərəflər arasında imzalanmış anlaşma memorandumundan bəri ən genişmiqyaslı kampaniyalardan biri hesab olunur.
Sitat.info xəbər verir ki, İran rəsmilərinin məlumatına görə, son hücumlar nəticəsində azı üç nəfər həlak olub, xəsarət alanlar da var. Döyüş əməliyyatlarının yenidən başlamasından bu yana isə ümumilikdə 20-dən çox insan ölüb, 100 nəfərdən artıq şəxs yaralanıb.
Məlumata görə, ABŞ son günlər əsasən Qeşm adası və Buşehr bölgəsini demək olar ki, hər gün hədəfə alır. Həmin ərazilərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazına nəzarəti təmin edən mühüm hərbi infrastrukturu yerləşir.
İran isə cavab olaraq Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi bazaları və obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Bildirilir ki, hazırda Hörmüz boğazının blokadası yenidən qüvvəyə minib, boğaz bağlanıb, İrana qarşı sanksiyalar bərpa olunub və tərəflər arasında atəşkəs artıq qüvvədə deyil.
Müşahidəçilərin fikrincə, hazırkı vəziyyət aşağı intensivlikli, lakin davamlı müharibə xarakteri alır. Gərginliyin daha da artacağı təqdirdə isə tammiqyaslı müharibənin yenidən başlaması ehtimalı ilə bağlı narahatlıqlar artır.
Seymur,
Sitat.info